“İnsanların mitinqə gəlməsi, bu mitinqdə iştirak etməsi məni qane etdi”. Bu sözləri Moderator.az saytına açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. A.İsmayılovun bildirdiyinə görə, bu, xalqın oyanış ərəfəsində olduğunu göstərir: “Bu, özlüyündə çox müsbət bir hadisədir. İnsanlarda oyanma əhval-ruhiyyəsi var. Lakin mitinqdə iştirak edənlərin sayı göstərdi ki, hələ tam oyanmamışıq. Şəxsən mən mitinq iştirakçılarının sayının daha çox olmasını gözləyirdim”.
A.İsmayılovun bildirdiyinə görə, insanların bir çoxu öz narazılığını ifadə etmək üçün mitinqlərə qatılmaq zəhmətinə qatlaşmaq istəmir: “Mitinqlərin bundan sonra da davam etdirilməsi məqsədəuyğundur. Mitinqlər təşkil etmək, orada çıxış etmək o demək deyil ki, dövlət çevrilişi etmək niyyətindəyik. Sadəcə, mitinqdə iştirak etmək hakimiyyətə nə qədər narazı insan olduğunu göstərmək baxımından əhəmiyyətlidir. Çox heyf ki, bizim millət onu anlamır. Öz narazılıqlarını “kuxnada” bildirirlər. Lakin 2 saatlıq mitinqə vaxt ayırmağa tənbəllik edirlər”.
Seymur Əliyev