Qondarma ittihamlarla həbs olunan hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimlinin vəkili Elçin Sadıqov bu gün onunla görüşmək üçün MTN-in istintaq təcridxanasına getdiyini bildirib. Moderator.az-a açıqlama verən vəkilin sözlərinə görə o, saat 16: 00-da təcridxanaya daxil olsa da, Pərviz Həşimli ilə görüşə bilməyib:
“Mən 1 saatdan çox MTN-in təcridxanasında oldum. Təcridxanada mənə bildirdilər ki, Pərviz Həşimlini dindirmək üçün müstəntiqlərin yanına aparıblar. Qeyd etmək istərdim ki, vəkilsiz dindirmə qeyri-qanunu haldır. Burda başqa bir məqam isə Pərvizə işgəncə verilməsi ehtimalının olmasıdır. Mən orada olan müstəntiq Elmar Əliyevlə əlaqə saxladım o, mənə bildirdi ki, işi aparan müstəntiq Elşən Murtuzovla əlaqə saxlanılacaq və mənim P.Həşimli ilə görüşümə şərait yaradılacaq. Mən orada gözləməyimə baxmayaraq Pərviz Həşimli ilə görüşümə şərait yaradılmadı, Elmar Əliyev isə zənglərimə cavab vermədi”.