Məlum olduğu kimi, son günlər ölkəmizdə ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə cəlb edilməsi həyata keçirilməkdədir.
Azərbaycanın bu addımı,
habelə ölkə başçısının Ermənistanın ünvanına səsləndirdiyi sərt bəyanatlar,
xalqın problemi hərbi yolla həll etmək istəyi Ermənistan tərəfini geri addım
atmaq, Qarabağ probleminin diplomatik yolla həlli ilə bağlı danışıqlar
prosesində aktiv iştirakına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama
verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov məsələ
ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Biz kimisə qorxutmaq
fikrində deyilik. Biz real addımlar atırıq. Biz buna hazır olmalıyıq. Ehtiyatda
olan hərbçilərin təlimlərə cəlb edilməsi də bununla bağlıdır. Bu, bütün dünyada
normal praktikadır. Əgər söhbət Ermənistanın reaksiyasından gedirsə, artıq
işğalçı ölkədə müəyyən həyəcan var. Bunu ermənilərin siyasi ekspertləri də bəyan
etməkdədir. Düşmənin xarici işlər naziri bəyan edib ki, Ermənistan danışıqlara
hazırdır. Bu günə qədər sərt bəyanatlarla çıxış edən Ermənistan, indi
danışıqlara hazır olduğunu bəyan edir. Bu, heç də o demək deyil ki, biz bu bəyanatdan
dərhal sonra dərhal danışıqlarda iştirak etməliyik. Düşünürəm ki, həqiqətən də
danışıqlar dalana dirənib və burada çıxış yolu axtarmaq lazımdır. Bu isə vasitəçilərin
missiyasına aiddir. Onlar bunu etməli, reallığı nəzərə alaraq konkret addımlar
atmalıdırlar.
Paşinyan rejimindən
narazı olan bir sıra partiyalar oktyabrın əvvəlində mitinq keçirməyə
hazırlaşır. Cəmiyyətdə Paşinyanın siyasəti ilə bağlı ciddi narazılıq var. Bu, həm
xarici siyasət, həm də daxili siyasətlə bağlıdır.
Paşinyan və Qarabağdakı qondarma
rejim rəhbərinin verdiyi təxribatçı bəyanatlar yolverilməzdir Biz düşmənin hər
bir təxribatına cavab verməyə daim hazır olmalıyıq və hazırıq”.
Seymur ƏLİYEV