Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ordu quruculuğunun gücləndirilməsi məqsədi ilə gələn ilin büdcəsində ciddi artım nəzərdə tutulduğunu bildirib
Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi, təmas xəttində hərbi gərginliyin uzun illərdir ki, bitmək bilmədiyi bir zamanda hərbi büdcənin artırılması nə dərəcədə önəmlidir? Ordu quruculuğuna ayrılan vəsiatlərin artırılması ordumuzun Ermənistan Silahlı Qüvvələri qarşısındakı üstünlüyünü daha da artırmağa imkan verəcəkmi?
Moderator.az-a açıqlama verən millət vəkili Cavid Osmanov bu yöndə atılan addımları yüksək qiymətləndirdiyini vurğuladı:
“Əlbəttə ki, güclü orduya malik olmaq hər bir dövlətin istəyidir. Bu baxımdan ölkəmizdə ordu quruculuğu istiqamətində son illər həyata keçirilən tədbirlər əlbəttə ki, cənab prezidentin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsi kimi göz önündədir. Azərbaycan ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır.
Azərbaycan ərazisi işğal altında olan bir dövlət kimi ordu qurucluğu prosesinə xüsusi diqqət yetirir, hər il müasir texnika, hərbi avadanlıqlar və silah-sursat alır. Ölkəmiz bu məsələdə dünyanın ən qabaqcıl dövlətləri və şirkətləri ilə əməkdaşlıq edir.
Bu gün regionda ciddi gərginlik var və Ermənistan zaman-zaman təxribatlara əl atmaqdadır. Işğaldakı torpaqlarımızda Ermənistanın dəstəyi ilə terrorçu təşkilatların fəaliyyətinə geniş imkan yaradılır. Görünən odur ki, işğalçı yeni təxribatlara hazırlaşır. Belə olan halda Azərbaycanın gələn ilin büdcəsində ordu quruculuğuna daha çox vəsait ayırması başadüşüləndir. Atılacaq məlum addım ordumuzun daha da güclənməsinə səbəb olacaq ki, bu da mahiyyət etibarilə dövlətimizin güclənməsi deməkdir.
Bu addım düşmən üçün də mesaj olmalıdır. Ermənistan təxribatlardan əl çəkməli, işğaldakı torpaqları azad etməlidir. Əks təqdirdə, işğalçı 2016-cı ilin aprel, 2018-ci ilin Naxçıvan, 2020-ci ilin Tovuz döyüşlərində aldığı məğlubiyyəti bir neçə misli ilə yaşamalı olacaq”.
Seymur ƏLİYEV