Məlum olduğu kimi, gələn ilin dövlət büdcəsində hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Moderator.az-a
açıqlamasında bu yeniliyə münasibət bildirən hərbi ekspert Şair Ramaldanov, ordu
quruculuğuna ayrılan vəsaitin artırılmasının təqdirəlayiq olduğunu bildirib:
“Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin ali baş komandanı, prezident İlham Əliyev
hər zaman öz çıxışlarında ordumuzun bundan sonra da ən müasir silah-sursat və hərbi
texnika ilə təmin ediləcəyini bildirib. Hər il artan hərbi büdcə vəsaitləri
hesabına Silahlı Qüvvələrimiz sürətlə inkişaf edərək ən müasir orduların tələblərinə
cavab verən bir səviyyədə qərarlaşıb.
Azərbaycan ordusundakı
silah və texnika dördüncü nəsil silahlardır. Yəni dünyadakı ən müasir silahlar
Azərbaycan ordusunun arsenalındadır. Bu baxımdan orduya önəm verən bir dövlət
kimi Azərbaycanın hərbi büdcəni artırması normal bir yanaşmadır.
Hər bir dövlət özünü
müdafiə etməyi bacarmalıdır. Azərbaycan ordusunun da əsas vəzifəsi Azərbaycanı
müdafiə etmək, işğaldakı torpaqları azad edərək ərazi bütövlüyümüzü bərpa etməkdir.
Azərbaycan müharibə vəziyyətindədir.
Son zamanlar baş verən olaylar göstərdi ki, Ermənistan Rusiya və digər ermənipərəst
qüvvələr tərəfindən silahlandırılmaqda davam edir. Bu baxımdan ordumuzu daha da
gücləndirmək üçün ordu quruculuğuna daha çox vəsaitin ayrılması zəruridir. Əgər
ordu quruculuğu sahəsində yeni uğurlara imza atmaq, işğal edilmiş ərazilərdə
anti-terror əməliyyatları həyata keçirmək, ərazi bütövlüyümüzün
toxunulmazlığını təmin etmək istəyirsə, o zaman bu sahəyə diqqətin artırılması
təbiidir”.
Seymur ƏLİYEV