Məlum olduğu kimi, Rusiyanın son dövrlər Ermənistanı sürətlə silahlandırması Azərbaycanda cidid narahatlıqla qarşılanmaqdadır.
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Rusiyanın hər zaman Ermənistana hərbi yardımlar göstərdiyinə, bu yardımların son bir neçə ayda əhəmiyyətli dərəcədə artdığına diqqət çəkdi:
“Rusiya Ermənistanı həmişə silahlandırıb. Yeltsinin dövrünə Rusiya Ermənistana 1 milyard dollar məbləğində silah vermişdi. Daha sonra Gürcüstandan qoşunlarını çıxaran zaman onun bütün silah və texnikasını Ermənistana bağışladı. Bu isə 800 milyon dollarlıq silah-sursat demək idi.
Ermənistana kredit adı ilə sonakı mərhələdə də çoxsaylı silahlar verildi. Ən azı Ermənistana 8 dəfə kredit adı ilə hər biri 200 milyon dollar məbləğində silah verilib. Lakin bu vaxta qədər həmin kreditlərin bir qəpiyi belə Rusiyaya ödənilməyib.
Tovuza hücumdan bir gün öncə də Rusiya Ermənistana 400 tondan artıq silah göndərdi. Tovuz əməliyaytları yekunlaşandan sonra da İl-76 təyyarələri ilə Ermənistana silah göndərilməsi davam etdirildi.
Son vaxtlar Rusiya açıq kartlarla oynamağa başlayıb. Rusiya Ermənistana silah göndıəriyini etiraf edir və bildirir ki, guya Azərbaycanla Ermənistan arasında yaranmış silah disbalansını aradan qaldırmağa çalışır. Rusiya onu da gizlətmir ki, Azərbaycanın artan potensialı və xüsusilə ixrac imkanları – neft-qaz resursları guya Rusiyanı Qərb bazarlarından sıxışdırıb çıxardır. Azərbaycan illərdir ki, Avropaya neft göndərir. Indi isə TANAP qaz kəməri vasitəsi ilə Azərbaycan artıq Türkiyəni qazla demək olar ki, tam təmin edir. Bunun nəticəsində mavi axın qaz kəməri dayandırılıb. Türk axını layihəsi deyilən və Ukraynadan yan keçməklə Avropaya qaz daşımalı olan kəmər də fəaliyyətsiz qalıb. Çünki Avropa Rusiyadan qaz almaq istəmir. Rusiya bunun acığını Azərbaycandan çıxmaq üçün Avropaya gedən neft-qaz kəmərlərini sıradan çıxarmağa çalışır və bu işin icrasını da özünün qulbeçəsi olan Ermənistana tapşırıb. Ermənistanın Tovuza hücumu məhz bu niyyətlə həyata keçirmişdi.
Rusiya bu gün də Ermənistanı silahlandırmaq, ora xaricdən PKK dəstələri və s-nin gətirilməsinə kömək edir. Rusiya erməniləri yeni hücumlara təşviq edir. Lakin bunlar boş təhdidlərdir. Türkiyə bölgəyə öz ağırlığını qoyduqdan sonra regionda qüvvələr nisbəti tamamilə dəyişib. Inanmıram ki, Rusiya Ermənistan üçün ən kritik məqamda belə güclü, modern Türkiyə ordusu ilə Cənubi Qafqazda üz-üzə gəlməyə cəsarət etsin”.
Seymur ƏLİYEV