27 sentyabr səhər saatlarından etibarən ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı davam etməkdədir. Bir gün ərzində düşməndən bir neçə yaşayış məntəqəsini azad edən Azərbaycan ordusu, bu gün də bir sıra yüksəklikləri ələ keçirib, düşmənə ağır zərbə vurub.
Moderator.az-a açıqlamasında Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatına münasibət bildirən millət vəkili Siyavuş Novruzov, Silahlı Qüvvələrimizin qısa zamanda bütün torpaqları işğaldan azad edəcəyinə əminliyini ifadə edib:
“Dünən səhər satlarından etibarən ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin gücündən, onun qüdrətindən xəbər verir. Ordumuzun həm texniki təchizatı, həm döyüş qabiliyyəti, həm nizam-intizamı, həm də döyüş ruhu çox yüksəkdir.
Ali baş komandan dəfələrlə Ermənistana xəbərdarlıq edərək onları təxribatlardan əl çəkməyə səsləmişdi. Azərbaycan tərəfi problemin sülh yolu ilə həllinə nail olmaq üçün bütün addımları atdı. Əfsuslar olsun ki, Ermənistan bu çağırışlardan nəticə çıxarmadı. Nəticədə, Azərbaycan tərəfi düşmənin təxribatlarını dəf etmək üçün əks-hücum əməliyyatı həyata keçirməli oldu.
Onu da qeyd edim ki, hakimiyyət-xalq, xalq-ordu birliyi ordumuzun qələbəsinə təsir göstərən əsas amillər sırasındadır. Bu gün Azərbaycan 90-cı illərin Azərbaycanı deyil ki, hərənin bir batalyonu olsun. AXCP-Müsavat dönəmindəki vəziyyət deyil ki, bir batalyon hücuma keçəndə, digəri geri çəkilsin. Indi ölkəmizdə güclü ordu və vahid komandanlıq mövcuddur. Bu gün Azərbaycan xalqı Azərbaycan ordusunun, ali baş komandanın yanındadır və ordumuz qısa zamanda işğaldakı bütün torpaqları azad edəcək”.
Seymur ƏLİYEV