Sentyabrın 27-dən etibarən Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı terror və təxribatçılıq tədbirlərini gücləndirib. Son 3 gün ərzində düşmənin azərbaycanlılara məxsus yaşayış məntəqələrini atəşə tutması, nəticədə, qadın, uaşq və qocaların amansızlıqla qətlə yetirilməsi xalqımızda ciddi qəzəb hissi doğurmaqdadır. Təsadüfi deyil ki, sentyabrın 27-də açıqlama verən Azərbaycan Respublikasının Baş Prokurorluğu, dövlətimizin Ermənistana qarşı xüsusi beynəlxalq tribunalın yaradılması üçün BMT-yə müraciət edəcəyini bildirib.
Moderator.az-a açıqlamasında Ermənistana qarşı belə bir tribunalın yaradılmasına münasibət bildirən millət vəkili Asim Mollazadə, buna çoxdan ehtiyac olduğunu vurğuladı:
“Baş Prokurorluğun məlum bəyanatını alqışlayır, belə bir addımın atılmasını zəruri hesab edirəm. Bunun zamanı çoxdan çatıb. Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq tribunal yaradılmalıdır. Ilk öncə uşaqların, qadınların, qocaların qatilləri, Xocalıda və digər yerlərdə xalqımıza qarşı vəhşiliklər törədənlər bu tribunal qarşısında cavab verməlidir.
Ermənistan beynəlxalq konvensiyaalrın tələblərini kobud şəkildə pozur, əlilləri, qadınları, uşaqları hədəf seçməklə böyük cinayətə imza atır. Hesab edirəm ki, bizim hüquq-mühafizə orqanları bu məsələlərin üzərində çox ciddi işləməlidirlər. Onlar beynəlxalq tribunalın yaradılmasına nail olmalıdırlar. Xalqımıza qarşı ermənilər tərəfindən törədilən cinayətlərə görə müqəssirlər cavab verməli, ədalət öz yerini almalıdır”.
Seymur ƏLİYEV