Məlum olduğu kimi, son 3 gündür ki, düşmən azərbaycanlılar yaşayan bəzi yaşayış məntəqələrini məqsədli şəkildə intensiv atəşə tutmaqdadır. Nəticədə, bu günə qədər 10 mülki şəxs həlak olub, 30 nəfərə isə yaralaıb ki, bu da düşmənin mülki şəxslə hərbçi arasında heç bir fərq qoymadığını göstərir.
Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bunu Ermənistanın terrorçu mahiyyəti ilə izah edib:
“Öncə qeyd edim ki, Azərbaycan öz torpaqlarını müdafiə edir və bu, beynəlxalq qanunlara tamamilə uyğundur. Bütün dünya, eləcə də beynəlxalq təşkilatlar bu torpaqları Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycan beynəlxalq qanunlardan kənar heç bir addım atmır.
Baş verənlər göstərir ki, işğalçı Ermənistan öz mənfur əməllərindən əl çəkmir. 90-cı illərdə qadınlara, uşaqlara qarşı belə xüsusi amansızlıq sərgiləyən, mülki insanları qətlə yetirən Ermənistan, bu gün də məqsədli şəkildə yaşayış məntəqələrini atəşə tutur, mülki insanları qətlə yetirir.
Xatırladım ki, BMT tribunasından Ermənistanın sabiq prezidenti Sərkisyan bildirdi ki, biz azərbaycanlı qadın və uşaqları onu görə öldürdük ki, onların qorxub qaçmasını istədik. Yəni Ermənistan rəhbərliyi açıq şəkildə mülki insanlara qarşı zor tətbiq etdiklərini etiraf etdi.
Ermənistan bu gün də mülki sakinləri atəşə tutmaqla qadınları, qocaları, uşaqları məhv etmək istəyir. Belə bir dövlətin insan hüquqlarından danışmağa heç bir haqqı yoxdur.
Inanıram ki, Azərbaycan yaxın gələcəkdə öz ərazi bütövklüyün tam şəkildə təmin edəcək və bundan sonra Azərbaycan xalqına qarşı zorakılıq sərgiləyən, mülki insanları qətlə yetirən, qadınlara, uşaqlara amansız işgəncələr verən hər bir erməninin beynəlxalq tribunal qarşısında cavab verməsinə nail olacaq”.
Seymur ƏLİYEV