Sentyabrın 27-də saat 06:00 radələrindən etibarən Azərbaycan ordusunun erməni təxribatını dəf edərək, bütün cəbhə boyu hücuma keçməsi Qarabağ probleminin hərbi müstəvidə həlli yolunda geniş perspektiv açıb. Əks-hücumun elə ilk günündə hərbçilərimizin 7 kəndi və bir neçə yüksəkliyi düşmən işğalından azad etməsi, onun canlı qüvvəsinə, hərbi texnikasına böyük zərbə vurması ordumuzun düşmən qarşısında böyük və əzici üstünlüyə malik olduğunu göstərdi.
Hərbi əməliyyatlar fonunda meydana çıxan daha bir reallıq isə işğalçının ordumuza qarşı hərbi əməliyyatlarda Suriya, Livan və s. ölkələrdən gətirilən erməni muzdlularından, müxtəlif terrorçulardan istifadə etməsi gerçəyi oldu.
Əslində Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarına Yaxın Şərq ölkələrindən muzdlu döyüşçülər, terrorçu dəstələr cəlb etməsi ilə bağlı informasiyalar bundan öncə də mövcud idi. Xüsusilə də Suriya və Livandan erməni əsilli ailələr adı ilə terrorçuların, muzdlu hərbçilərin Qarabağa yerləşdirilməsi ilə bağlı mediada yer alan məlumatlar düşmənin işğaldakı torpaqlarda möhkəmlənmək, özünə bu yolla sosial baza yaratmaq cəhdindən xəbər verirdi. Başqa sözlə desək, terror və hərbi təcavüz yolu ilə Qarabağa sahiblənən Ermənistan, bu bölgəni digər ölkələrdən gələn terrorçuların üzünə açmaqla işğaldakı əraziləri beynəlxalq terror mərkəzinə çevirmişdi. Hansı ki, 27 sentyabr tarixindən etibarən ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bu gerçəyi real faktlar və nümunələr əsasında ortaya çıxarmış oldu.
Ötən gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan etdi ki, məhv edilən düşmən hərbçiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni muzdluları mövcuddur. Bu şəxslər Azərbaycan ordusuna qarşı döyüşlərdə yer alsa da, onlar rəsmi şəkildə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinə daxil edilməyib. Bu isə Ermənistan öz hərbi itkilərini gizlətməyə, bu itkilərin sayı haqqında erməni ictimaiyyətinə yalan məlumat verməyə imkan yaradır. Insan resursu baxımından ciddi çatışmazlıq yaşayan Ermənistan, dünyanın müxtəlif ölkələrindən bölgəyə terrorçuları cəlb etməklə, müvəqqəti də olsa ordumuzun hücumlarının qarşısını almağa cəhd edir. Halbuki, onun bu cəhdinin tamamilə səmərəsiz olduğu göz önündədir .
Ermənistanın işğaldakı Azərbaycan torpaqlarını müxtəlif terror təşkilatlarının üzünə açması, onlardan Azərbaycana qarşı hücum və müdafiə səddi kimi istifadə etməsi qardaş Türkiyə dövlətinə də məlum olan bir gerçəkdir. Xatırladıaq ki, sentyabrın 28-də Türkiyənin Müdafiə Naziri Hulisi Akar növbəti dəfə Azərbaycanla həmrəyliklərini dilə gətirib və Ermənistanın xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməsinin vacibliyini qeyd edib. Hörmətli Hulisi Akarın bu açıqlaması da göstərir ki, Ermənistanın işğaldakı Azərbaycan torpaqlarını dünya terrorçuları üçün sığınacağa, təlim düşərgəsinə döndərməsi faktı çoxlarına sirr deyil və sadəcə bəzi dünya gücləri ikili standartlar səbəbi ilə bu reallığı görməzdən gəlməyə çalışır.
Məhv edilən erməni hərbçiləri arasında çoxsaylı muzdlulara rast gəlinməsi faktı bir daha sübut etdi ki, Azərbaycan sadəcə işğalçı Ermənistana qarşı deyil, həm də beynəlxalq terrorizmə qarşı mübarizə aparır. Bu isə o deməkdir ki, Azərbaycanın apardığı bu mübarizə bütün dünyanın rifahı və təhlükəsizliyi üçündür. Bu gün Azərbaycan əsgəri Qarabağda ona görə savaşır ki, dövlətimizlə yanaşı, bütün dünya üçün təhdid və təhlükə mənbəyi olan terrorizmin çiçəklənməsinin qarşısını alsın, işğal edilmiş torpaqlarımızı azad etməklə bu torpaqlar üzərində sivil, demokratik Azərbaycanın nəzarətini təmin etsin. Odur ki, sivil və mütərəqqi dünyanın bu mübarizədə dövlətimizə dəstək verməsi hər şeydən öncə onun öz təhlükəsizliyi baxımından vacibdir.
Seymur ƏLİYEV
e-mail: seymur_dq04@mail.ru