Vahid Əhmədov: “Indiki məqamda işğalçı dövlətlə heç bir danışığa ehtiyac yoxdur”
Sentyabrın 27-dən etibarən
Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları davam
edir. Hərbi əməliyaytların alovlanması ilə siyasi müstəvidə də aktivliyin əhəmiyyətli
dərəcədə artması, dünya dövlətlərinin baş verənlərlə bağlı müxtəlif təklif və bəyanatlarla
çıxış etdiyi müşahidə olunur.
Moderator.az-a açıqlama
verən millət vəkili Vahid Əhmədov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib,
Azərbaycanın hərbi uğurlarının Ermənistana yaxın olan bəzi dövlətlərdə narahatlıq
doğurduğunu vurğulayıb:
“Sentyabrəın 27-dən
etibarən cəbhədə baş verənlərə görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə
düşür və bu, hər kəsə bəlli olan bir həqiqətdir. Çünki cənab prezident İlham
Əliyev bu hadisədən təxminən 10 gün qabaq hər gün bir sıra dövlətlərə, eləcə də
beynəlxalq təşkilatlara müraciət etmişdi və bütün dünyaya car çəkmişdi ki, Ermənistan
müharibəyə hazırlaşır, bunun üçün ciddi hazırlıq görür. Kənardan müəyyən
muzdlular gətirilir, Rusiyadan çoxsaylı hərbi yardımlar alırlar və s. Ölkə
başçısı beynəlxalq təşkilatlara bunun qarşısını almağın vacibliyini bildirdi. Lakin
bildiyiniz kimi, buna heç bir reaksiya verilmədi. Heç bir dövlət, eləcə də beynəlxalq
təşkilat Ermənistanı müharibəədn çəkindirmək üçün hər hansı addım atmadı. Lakin
Azərbaycanın əks-hücumları başlayandan sonra dünyanın bir sıra dövlətləri Azərbaycanın
dövlət başçısına zəng edir, tərəfləri danışıqlar masasına dəvət edir. Bəs onlar
bu vaxta qədər harada idi? Niyə bu yöndə bir addım atmırdılar?
BMT tərəfləri danışıqlara
dəvət edir. Hansı ki, BMT-nin Qarabağ prolemi ilə bağlı 4 qətnaməsinin biri də
yerinə yetirilməyib”.
Xalqın həyata keçirilən əks-hücum
əməliyyatlarını böyük sevinc və coşğu ilə qarşıladığını qeyd edən millət vəkili,
ölkə başçısının Ermənistanın riyakarlığını dünənki çıxışında da tam şəkildə
ifşa etdiyinə diqqət çəkdi:
“Azərbaycanın dövlət
başçısı işğaldakı torpaqlarımızın azad edilməsində, Ermənistanın təxribatlarının
qarşısının alınmasında israrlıdır. Ortada dövlətimizin çox ciddi siyasi iradəsi
var. Biz öz torpaqlarımızı son qarışına qədər işğaldan azad edəcəyik.
Ordumuzun həyata
keçirdiyi əks-hücum əməliyyatları xalqımız tərəfindən qürur və sevinclə
qarşılanmaqdadır. Xalq dövlətini, ali baş komandanını, ordusunu tam şəkildə dəstəkləyir.
Dünən “Rossiya-1”
kanalında ölkə başçısı çıxış etdi, ona ünvanlanan sualları cavablandırdı. Yenə
də Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı, bildirdi ki, Azərbaycan sadəcə
işğaldakı torpaqlarını azad etmək istəyir. Ölkə başçısı bildirdi ki, xalqımız və
dövlətimiz ərazi bütölüyünü bərpa etməkdə israrlıdır və artıq bir sıra kəndlər,
yüksəkliklər azad edilib.
Prezident İlham Əliyev
Türkiyə dövlətinin guya Azərbaycana hərbi müstəvidə hansısa yardımlar etməsi ilə
bağlı sualı da cavablandırdı. Cənab prezident isə bildirdi ki, bu məsələdə Ermənistana
kömək edən dövlətlər var. Müəyyən muzdlu qüvvələr Ermənistan tərəfindən hərbi əməliyyatlarda
iştirak edir. Azərbaycana isə Türkiyə, Pakistan kimi dövlətlər mənəvi baxımdan
dəstək verirlər. Azərbaycanın hər hansı dövlətin hərbi yardımına ehtiyacı
yoxdur. Azərbaycanın kifayət qədər güclü ordusu var. Ordumuz yetişmiş, peşəkar
ordudur. Azərbaycan ordusu dünya oprduları arasında öz layiqli yerini tutub. Azərbaycanın
insan resursu da imkan verir ki, bu hücumları öz məntiqi sonluğuna çatdırsın.
Bu gün Ermənistana yaxın
olan bəzi dövlətlər çalışır ki, Azərbaycanı yenidən danışıqlar prosesinə cəlb
edilsin. Lakin bunun yalnız bir yolu var. Bu yol da ondan ibarətdir ki, ermənilər
işğaldakı bütün torpaqları azad etməlidirlər. Yalnız bundan sonra danışıqlar
masası arxasında nələrisə müzakirə etmək olar. Indiki məqamda isə heç bir
danışığa ehtiyac yoxdur”.
Seymur ƏLİYEV