Millət vəkili Vahid Əhmədov Moderator.az vasitəsi ilə dünya azərbaycanlılarına müraciət edib. Millət vəkili Azərbaycanın öz haqq işi uğrunda müharibə apardığı bir zamanda, dünyadakı hər bir soydaşımızı fəal olmağa, xalqımıza, dövlətimizə kömək üçün əlindən gələni əsirgəməməyə çağırıb:
“Mən dünyadakı bütün soydaşlarımızı indiki tarixi-həlledici məqamda dövlətimizə dəstək olmağa, Azərbaycanın haqq işini, apardığı mübarizənin ədalətli olduğunu yaşadıqları dövlətlərin, eləcə də beynəlxalq təşkilatların diqqətinə çatdırmaq üçün fəal olmağa səsləyirəm. Erməni yalan və təxribatlarını ifşa etmək, rəsmi İrəvanın uzun illərdir davam edən işğalçılıq siyasətinin qorxunc mahiyyətini dünya xalqlarına izah etmək baxımından bu fəallıq olduqca vacibdir. Xüsusilə də Rusiyada yaşayan soydaşlarımız, ziyallılarımız bu məsələdə daha aktiv olmalıdır.
Bu gün Rusiyada çoxlu sayda ziyalılarımız yaşayır. Onların bu məsələdəki fəallığı dövlətimizin haqq səsinin beynəlxalq aləmdə daha yaxşı eşidilməsi, dünyanın Qarabağla bağlı əsl həqiqətdən xəbərdar olması baxımından olduqca əhəmiyyətlidir.
Ümumiyyətlə, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı maarifləndirmə-təbliğati müstəvidə əlindən gələni etməli, Azərbaycanın aparıdğı mbarizəyə öz töhfəsini verməlidir. Xalqımızın, dövlətimizin mənafeyi bizdən bunu tələb edir və inanıram ki, dünyadakı soydaşlarımızın hər biri bu məsələdə üzərlərinə düşən məsuliyyəti dərk edəcək, bu istiqamətdə bütün gərəkli addımları atacaqdır”.
Seymur ƏLİYEV