Artıq dördüncü gündür ki, Azərbaycan ordusunun uğurlu əks-hücumu davam edir.
Moderator.az-a açıqlamasında hərbi əməliyyatların gedişini şərh edən hərbi ekspert Azad İsazadə, ordumuzun uğurlu həmlələrinin sevindirici olduğunu bildirib:
“Məlum olduğu kimi, Azərbaycan ordusu düşmən həmlələrinə cavab olaraq sentyabrın 27-də əks-hücum əməliyyatına başlayıb. Ordumuz Füzuli-Cəbrayıl istiqamətində Ermənistandan Qarabağa gedən yolu bağlayıb.
Təbii ki, Azərbaycan ordusunun bu hücumları davam etdirmək üçün gücü də, əzmi də var. Ancaq bu məsələdə beynəlxalq təzyiqlərlə də üzləşmək mümkündür. Bu baxımdan belə təzyiqlərə hazır olmalıyıq. Lakin biz çalışmalıyıq ki, maksimum nəticə əldə edək, nə qədər mümkündürsə irəliləyək.
Bizə Türkiyə, Pakistan və s. dəstək verir və biz bu mənəvi-diplomatik dəstəyə görə dost ölkələrə minnətdarıq.
Əməliyyatların sona qədər davam edəcəyinə gəlincə, bu, kimin bu sonu necə qəbul etməsi ilə bağlıdır. Bu son İrəvandırmı, Xankəndidirmi, Şuşadırmı? Əgər biz bu sona çatmasaq, o zaman bizdə bir natamamlıq yarana bilər.
Sevindiciri məqam bundan ibarətdir ki, Azərbaycan ordusu hücuma keçib, düşmənə ağır zərbə vurub, bir sıra yaşayış məntəqələrini və yüksəklikləri düşməndən azad edib. Biz bütün torpaqlarımızın azad edilməsini arzulayır və buna çalışırıq”.
Seymur ƏLİYEV