Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistana xəbərdarlıq edib.
Azərbaycana məxsus yaşayış məntəqələrinin Ermənistan tərəfindən atəşə tutulduğuna diqqət çəkən Hikmət Hacıyev qeyd edib ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək.
Ermənistan ərazisindən Azərbaycana açılan atəş nöqtələrinin susdurulması düşmən təxribatlarının dəf edilməsi baxımından nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Ermənistanın bu məsələdə də təxribatçı məqsəd güddüyünü vurğuladı:
“Bildiyiniz kimi, Ermənistan bundan öncə də öz ərazisindən Azərbaycan ərazisini atəşə tutmuşdu. Etdiyi təxribat azmış kimi, KTMT-ə də müraciət etmiş, mövcud hərbi qarşıdurmanın KTMT-də müzakirəsini tələb etdi. Rusiya prezidentinin köməkçisi də vurğulayıb ki, Dağlıq Qarabağla məsələnin KTMT-də müzakirəsinə ehtiyac var və yəqin ki, bu müzakirə yaxın vaxtlarda baş tutacaq.
Rusiya hər vasitə ilə çalışır ki, Ermənistanı Azərbaycanın əks-hücumundan qorusun. Dəfələrlə Putinin yandaşları, eləcə də Lavrov Azərbaycana müraciət edərək atəşin dayandırılmasını istəyiblər. Ona görə də biz ehtiyatlı olmaqlıyıq. Düşmən bizə Ermənistan ərazisindən atəş açmaqla bizi KTMT ilə üz-üzə qoymağa çalışır. Ermənistan məsələyə Rusiyanın müdaxiləsinə zəmin yaratmağa çalışır. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır. Bu baxımdan prezidentin köməkçisi hörmətli Hikmət Hacıyev tamamilə haqlıdır və onun bəyanatı Azərbaycan tərəfinin haqlı narahatlığını əks etdirir.
Dağlıq Qarabağda prosesləri sürətləndirməliyik. Dağlıq Qarabağda vəziyyəti tam nəzarət altına almalıyıq. Öz üstünlüyümü qəti qələbəyə çevirməliyik. Belə olarsa, digər problemlər avtomatik şəkildə öz həllini tapacaq”.
Seymur ƏLİYEV