Azərbaycan ordusunun 27 sentyabr tarixindən həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bütün cəmiyyətdə böyük əks-sədaya, qürur və sevinc hissinə səbəb olub. Hərbçilərimizin yağı düşmənlə ölüm-dirim savaşına çıxdığı, işğalçıya qan qusdurduğu bir məqamda hər bir vətəndaş ordumuza dəstəyin müxtəlif yollarını aramaqdadır. Hansı ki, bu dəstəyin ən faydalı yollarından biri də Silahlı Qüvvələrin Yardım Fonduna hər hansı məbləğdə vəsait köçürməkdir. Artıq bir sıra dövlət və özəl qurumlar, təhsil müəssisələri və s. Silahlı Qüvvələrin Yardım Fonduna müxtəlif məbləğdə vəsaitlər köçürüb ki, bu tendensiyanın qarşıdakı günlərdə davam edəcəyi gözlənilir.
Moderator.az-a
açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Musa Urud, cəmiyyətdə
orduya dəstək istəyinin qabarıq şəkildə özünü büruzə verdiyini vurğuladı:
“Azərbaycan ordusunun təminatı
dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir. Əsgəri ləvazimatlardan
tutmuş silah-sursat təchizatına qədər, hər bir təminat yüksək səviyyədədir. Dövlət
büdcəsindən ordunun ehtiyacları üçün kifayət qədər vəsait ayrılır. Lakin hərbi əməliyyatların
davam etdiyi indiki şəraitdə hər bir vətəndaş Azərbaycan ordusuna imkanı daxilində
dəstək olmağa çalışır. Bu, könüllü bir təşəbbüsüdür və bu təşəbbüsü
qaldıranlar, buna qoşulanlar öz vətənpərvərliklərini nümayiş etdirirlər. Bu,
alqışlanan bir təşəbbüsdür. Lakin qeyd etdiyim kimi, bu, tamamilə könüllü şəkildə
həyata keçriilən bir tədbirdir. Ona görə də, bu məsələdə kimsəni nəyəsə məcbur
etmək, yaxud bu tədbirə qoşulmayan şəxsə “ikinci növ vətəndaş” kimi yanaşmaq
doğru deyil.
Sərt karantin dövründə
100 mindən çox ailəyə ərzaq yardımı göstərildi. Koronavirusla Mübarizəyə Dəstək
Fonduna da vətəndaşlarımız 100 milyondan çox vəsait köçürüldü. Bunların hamısı
vətəndaşlarımızın öz vətəninə xidmət etmək arzusundan irəli gələn addımlardır və
bu addımlar alqışlanmalıdır.
Hesab edirəm ki, bu cür tədbirlər
ordumuzun döyüş ruhunun atırılmasına, əhval-ruhiyyəsinin yüksəlməsinə xidmət
edir. Bu kimi addımlar hərbçilərimizdə nikbin ovqat yaradır. Onlar bu kimi dəstək
aksiyaları fonunda bir daha anlayır ki, hər bir azərbaycanlı onlar haqqında
düşünür, onların qayğısına qalır, Azərbaycan ordusu ilə birlik və həmrəylik sərgiləyir.
Odur ki, ordumuza dəstək məqsədi ilə atılan hər bir addım təqdirəlayiqdir”.
Seymur ƏLİYEV