Moderator.az Kulis.az-a istinadən Zəngilanın azad olunması münasibəti ilə zəngilanlı qələm adamlarının təəssüratını təqdim edir.
Qulu Məhərrəmli
- Mənim üçün zəngilanlı, şuşalı, laçınlı olmağın elə bir ciddi fərqi yoxdur. Hamımız Azərbaycanlıyıq, hamımız Azərbaycanın hər bir bölgəsini çox sevirik. Amma doğulduğun torpağın işğaldan azad edilməsi bir başqa duyğu bəxş eləyir insana. Hisslərimi sözlərlə ifadə eləməkdə çətinlik çəkirəm. Xəbəri eşidən kimi ilk uşaqlığım gəldi gözlərimin qarşısına, kəndimiz, çəpərlər, həyətimizdəki təndir, gözlədiyim yağ dürməyi... Bir başqa məmnunluqdur bu. Deyirlər, xoşbəxtlik anlardan ibarətdir. Ən xoşbəxt an idi bu xəbəri almağım. Ordumuza minnətdaram, Ali baş komandanımıza minnətdaram, bu qələbədə iynənin ucu boyda zəhməti keçən hər kəsə minnətdaram!
Azad Qaradərəli
- Tərslikdən koronavirusa yaxalanmışam, amma elə qəfil xəbər oldu ki, xəstəliyi belə unutdum. Bir də gördüm, geyinirəm, guya harasa qaçacağam... Aramsız iki-üç saat ağlamışam. Zənglər də ara vermirdi. Evin ortasında uşaq kimi atılıb-düşürdüm. Ölkənin hər tərəfindən, xaricdən gələn zənglərə yetirib cavab verə bilmirdim. Ayxan adlı bir nəvəm var, məni çox istəyir, zəng edib anasının telefonuyla, elə bilmişəm qızımdır, hönkürmüşəm. Uşaq qorxub ki, babam niyə gülmək əvəzinə ağlayır. İnşallah hamınızı qonaq çağıracam.
El Sevər
- Sevincimiz tükənməz dərəcədə böyükdür. İnşallah Xankəndi, Şuşa - küllü Qarabağ azadlığa qovuşanda lap möhtəşəm olacaq. Bu xoşbəxtliyi bizlərə bəxş edən hər kəsə təşəkkürlər. Ali baş komandandan tutmuş bütün əsgərlərə qədər hamısına təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Nəhayət bu yaradan, bu mərəzdən qurtuluruq. Millətimizin gözü aydın olsun.
İsa Yunusoğlu
- Biz bu xəbəri 27 ildir gözləyirdik. Ali baş komandanın dilindən eşidəndə ki, Zəngilan şəhəri işğaldan azad olunub, sevindiyimdən düz üç dəqiqə nəfəs ala bilmədim. Nəfəsimi uddum, qaytara bilmədim. Qəhər məni necə tutdusa... Allah bu sevinci mənə qismət edibmiş ki, ölmədim, qaldım. Zəngilan qiymətli, strateji mövqeyi olan yerdir, yeraltı-yerüstü sərvətlərlə zəngin olan yerdir, Qarabağın, Zəngəzurun bir parçasıdır. Qiymətli oğulları var, qəhrəman oğulları var, alimləri, şairləri, yazıçıları var. Mən bu gün xoşbəxtəm ki, Ali baş komandanın xoş sözlərini eşitdim. Gözümüz aydın olsun! Tezliklə oralara qayıdacam.
Gülşən Hacıyeva
- Ali Baş Komandanın çıxışını dinləyərkən yaşadığım həyəcanın izahı yox idi. Onun dilindən Zəngilanın işğaldan azad edildiyi xəbərini eşitmək həyəcanın son nöqtəsi idi. 27 illik məcburi köçkünlük, əziklik travması bir anda üstümdən qalxdı, özümü elə məğrur hiss elədim ki... Zəngilana bayrağımızı sancan əsgər kimi... Dünəndən Zəngilan, həyatım film səhnələri kimi gözümün önündən keçir. Acgözlüklə hər şeyi, hər anı xatırlamaq istəyirəm. İstəyirəm, bir an öncə gedim, ayağım torpağıma dəysin, buz kimi bulaqlardan su içim. Orada nələrlə qarşılaşacağımızı bilmirəm, yəqin, hər yer dağılıb. Amma olsun, o dağıntıların arasında mutlu olacağam. Təbii ki, bütün azərbaycanlılar kimi, mən də tam qələbəmizi gözləyirəm. Buna şübhəm yoxdur. Ən böyük sevinci Qalamızda üçrəngli bayrağımız dalğalananda yaşayacağam!
Günel Mehri
- Xəbəri alanda çox kədərli idim. Gəncəyə görə. Elə bil, qəfil məlhəm kimi gəldi bu xəbər. Kədər göz yaşları sevinclə əvəzləndi... Nənəmgilin bağçalı həyətlərini xatırlayıram. “Lenin dairəsi” vardı Füzulinin girəcəyində. Bir də böyük park. Yanında univermaq. Qanqalları, lalələri, Quru çayı, zoğal ağaclarını xatırlayıram. Qayıdanda torpaqda yalın ayaqla gəzəcəyəm. O enerjini ancaq belə ala bilərəm.