Xəbər verdiyimiz kimi, Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) xaricdə yaşayan soydaşlarımızın müraciətlərini nəzərə alaraq, “Şəhid ailələrinə dəstək” ianə kampaniyasına başlayıb. Belə ki, bundan sonra xaricdə yaşayan azərbaycanlılar şəhid ailələrinə dəstək məqsədilə Fondun xarici valyutada olan bank hesablarına ianə köçürə bilərlər.( //www.moderator.az/news/348441.html )
Moderator.az-a
açıqlamasında xaricdəki soydaşlarımızın bu kampaniyaya cəlb edilməsinin əhəmiyyətinə
toxunan millət vəkili Siyavuş Novruzov, bu addımı alqışladığını vurğuladı:
“Ilk öncə, bütün şəhidlərimizə
Allahdan rəhmət diləyirəm. Yaralanan hərbçilərimizə isə şəfa arzulayıram.
Hərbçilərimizin, şəhidlərimizin
ailələrinin xidmətində durmaq, onlara maddi-mənəvi dəstək vermək hər birimizin
borcudur. Bu gün YAP tərəfindən Gəncədə erməni terroru nəticəsində həlak olan mülki
şəxslərin ailə üzvlərinə maddi yardım göstərilib. Valideynləri düşmənin raket həmləsindən
həlak olan uşaqlar himayəyə götürülüb. Onlara yetkinlik yaşına çatana qədər təqaüd
veriləcək.
Bu gün hər bir təşkilat,
hər bir qurum bu məsələdə aktiv olmalıdır. Xaricdə yaşayan soydaşlarımızın da
bu prosesdə aktivliyi arzuediləndir. Ola bilsin ki, xaricdəki hansısa
soydaşımız yaşadığı ölkənin vətəndaşıdır. Lakin onun milliyyəti azərbaycanlıdır.
O, xarici ölkə vətəndaşı olduğu üçün gəlib orduda xidmət edə bilmir. Ancaq onlar
vətəndaşı olduqları ölkədə də dövlətimizə, ordumuza maddi yardım vasitəsi ilə
öz dəstəyini göstərə bilər. Bununla da hər hansı şəhid ailəsinin maddi baxımdan
təminatına kömək edə bilər.
Təbii ki, dövlətimiz
güclüdür. Bu gün Ali Baş Komandanıızın rəhbərliyi altında çox böyük işlər
gedir. Bu günə qədər şəhid ailələrinə, əllillərimizə, müharibə veteranlarınıza,
məcburi köçkünlərimizə dövlətimiz çox böyük dəstək verib, onlara kömnək edib.
Onların mənzil-məişət şəraiti yaxşılaşdırılıb, təqaüdləri artırılıb, ali məktəblərdə
təhsil alan şəhid və məcburi köçkün uşaqları təhsil haqqından azad edilib. Dövlətimiz
onların təhsil haqqının ödənilməsini öz üzərinə götürüb. Bütün bunlarla yanaşı,
hər bir vətəndaşımız, təşkilat çalışmalıdır ki, əlindən gələni əsirgəməsin.
Təbii ki, şəhid olan hər
hansı bir vətəndaşımızın yoxluğunu unutdurmaq mümkün deyil. Şəhid bütün xalqın
şəhididir. O, bir ailəyə mənsub deyil. Bununla yanaşı, şəhid ailələrinə həm
maddi, həm də mənəvi dəstəyin göstərilməsi olduqca vacib amildir.
Hesab edirəm ki, MDTF-nin
atdığı bu addım çox yaxşı, təqdiredici bir addımdır. Ölkəmizin xaricdə -
Rusiyada, Ukraynada, Orta Asiyada, Avropanın müxtəlif ölkələrində, eləcə də
ABŞ-da kifayət qədər ciddi maliyyə vəsaitinə malik insanları var. Onlar da şəhid
ailələrinə yardım məsələsində yaxından iştirak etməlidir”.
Seymur ƏLİYEV