Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) Gəncədə erməni terroru nəticəsində valideynlərini itirən uşaqları himayəyə götürüb, bu ailələrə maddi yardımlar edib.
Digər partiya və təşkilatların, müəssisə və birliklərin də YAP-ın bu təşəbbüsünə qoşulması nə dərəcədə arzuediləndir?
Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov erməni terrorundan əziyyət çəkən ailələrə maddi dəstəklə yanaşı, mənəvi dəstəyin göstərilməsinin də vacib olduğunu vurğuladı:
“Bir çox partiya var ki, onların maddi imkanı yüksək deyil. Bu səbəbdən də onların mənəvi dəstək göstərməsi də kifayətdir.
50 partiya Azərbaycan Respublikasının Prezidentinin, Ali Baş Komandanının həyata keçirdiyi hərbi siyasətlə bağlı öz dəstəyini ifadə etdi. Gəncədə, Tərtərdə mülki insanlarımıza qarşı erməni terroristləri tərəfindən törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə də bu partiyalar beynəlxalq təşkilatlara müraciət ünvanladı.
Əgər hansısa siyasi partiyanın belə bir imkanı varsa, maddi dəstək göstərə bilər. Imkanı yoxdursa, verdiyi mənəvi dəstəyin özü də böyük əhəmiyyət kəsb edir.
Müəssisələrə gəlincə, hansı müəssisənin maddi yardım göstərmək imkanı varsa, o, bu dəstəyi göstərə bilər. Biz koronavirusla mübarizə fonunda da müəssisələrin, təşkilatların bu sahədəki aktivliyinə şahid olduq. Gördük ki, müəsisələrimiz, iş adamlarımız koronavirusla mübarizə məqsədi ilə böyük vəsaitlər köçürdü.
Milli Məclis orduya dəstək məqəsdi ilə böyük miqdarda vəsait köçürdü. Digər təşkilatlarımız da bu sahədə iş aparır. Bütün bunlar isə Azərbaycan xalqının həmrəyliyindən, dövlətimiz, Ali Baş Komandanımız ətrafında sıx birliyindən xəbər verir”.
Seymur ƏLİYEV