“Ötən gün 800-dən çox yoluxma var idi, bu gün və ya sabah yoluxmanın nə qədər olacağı bəlli deyil, amma görünən odur ki, vəziyyət kritikdir”.
Moderator.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
O qeyd edib ki, getdikcə vəziyyət daha da ağır ola bilər:
“İnsanlar məsuliyyəti artırmalıdırlar. Əks halda karantin rejiminin şərtləri də təkrar gözdən keçirilməlidir”.
TƏBİB rəsmisinin sözlərinə görə, ölkəmizdə müharibə getdiyi bir dövrdə bütün diqqət cəbhəyə yönəlib:
“Təəssüf ki, biz arxa cəbhədəki koronavirusu unutmuşuq. Qələbə xəbərləri gəldikcə, insanlar kütləvi toplaşır, maska taxmır, sosial məsafə gözləmir”.
V.Əliyev deyib ki, mülki insanlar arasında koronavirusa yoluxmanın artması əsgər və zabitlərimizi də təhlükəyə atır:
“Bu vəziyyət həkimləri də riskə atır. Çünki bildiyiniz kimi, həkimlər mart ayından koronaviruslu xəstələri müalicə edirlər. Hazırda isə həkimlər yaralıların sağalması üçün də çalışırlar. İndiki halda xəstəxanalarda koronaviruslu xəstələrin artması həm çarpayı ehtiyatına problem yaradır, həm də bu cür risk altında həkimlər də xəstələnə bilər. Düşünün ki, bu vəziyyətdə həkim olmasa, hansı vəziyyət olar. Bu abxımdan hamıdan sosial məsuliyyətini dərk etməyi xahiş edirəm”.a