27 sentyabr tarixindən etibarən başlayan Vətən Müharibəsi artıq 27-ci gündür ki, davam edir.
Maraqlıdır, Azərbaycan ordusunun, Azərbaycan əsgərinin böyük zəfərlərə, qəhrəmanlıqlara imza atdığı bu müharibə yaxın gələcəkdə milli ədəbiyyatımızda özünə yer tapacaqmı? Ədəbiyyatın baş verənlərə münasibəti nə dərəcədə adekvat olacaq?
Moderator.az olaraq bu və bu kimi suallara millət vəkili, akademik Nizami Cəfərovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
-Nizami müəllim, 27 gündür ki, Vətn Müharibəsi davam edir. Necə hesab edirsiniz, yaxın gələcəkdə ədəbiyyatımızda bu müharibə lazımi səviyədə öz əksini tapacaqmı?
-Vətən Müharibəsi artıq indidən Azərbaycan ədəbiyyatında öz əksini tapmaqdadır. Müharibənin ilk günlərindən başlayaraq, daha çox şeirimizdə, bədii-publisistikada, nəsrimizdə, xüsusilə kiçik hekayələrdə artıq müharibə ilə bağlı xeyli yazılar yazılıb. “Ədəbiyyat” qəzetinə baxsanız, “525-ci qəzet”i vərəqləsəniz, “Azərbaycan” jurnalının son nömrələrinə nəzər salsanız bunu görərsiniz. “Ulduz” jurnalı, “Xalq” qəzeti, “Respublika” qəzetində, demək olar ki, bütün qəzetlərimizdə ədəbiyyat nümunələri öz əksini tapır. Bu isə olduqca əhəmiyyətlidir. Çünki biz Vətən Müharibəsi aparırıq. Vətən müharibəsi o deməkdir ki, burada yalnız ordu iştirak etmir. Burada bütün xalq iştirak edir. Yəni müharibədə xalqın qabaqcıl tərkib hissəsi olan ziyalılar, yazıçılar, şairlər də iştirak edir.
Son bir ayın ədəbiyyatını oxuyanlar görəcəklər ki, yazıçılarımız Ali Baş Komandanın hərbi əmirlərini onlara verilən əmrilər kimi qəbul edirlər. Bu, artıq ümummilli bütövlüyümüzdən xəbər verir. Hansı ki, bu bütövlükdə ədəbiyyatın mühüm rolu var. Ədəbiyyatımız konkret göstəricilərlə bu birliyi əks etdirir.
-Ədəbiyaytımızın artıq indidən Vətən Müharibəsinə diqqət yetirdiyini, bununla bağlı bir sıra nümunələrin meydana çıxdığını bildirdiniz. Bu nümunələrlə bağlı hansı müəlliflərin adlarını çəkə bilərsiniz?
-Bizdə həm ordumuzun apardığı azadlıq müharibəsi, həm də Gəncə hadisələri haqqında xeyli əsərlər yazıldı. Yusif Nəğməkarın çox gözəl poeması meydana çıxdı. Hansı ki, bu əsər bizin televiziyalarımızda səsləndi. Nəriman Həsənzadənin, Fikrət Qocanın çox gözəl şeirləri meydana çıxdı. Bunlar hazırkı Vətən Müharibəsinin təəssüratı altında yaradılıb. Burada həm müharibə - əsgərlərimizlə qürur duymaq, onları hücuma səsləmək, vətən torpaqlarını geri almaq əzmi var. Həm də ermənilərin bizə namərd hücumlarına mənəvi reaksiyalar mövcuddur.
-Sizcə yeni dövür müharibə ədəbiyyatının üstündə dayandığı ən parlaq obraz hansıdır? Ümumiyyətlə, belə bir obraz varmı?
-Bizim ədəbiyyatımızda artıq parlaq şəkildəı seçilən Ali Baş Komandan obrazı var. Mənə belə gəlir ki, bu, bütün ədəbi axtarışların zirvəsidir. Çünki xalq öz qəhrəçmanını tanımalıdır, təqdim etməlidir və onun ətrafında birəşməlidir. Tarix boyu belə olub. Bu gün Azərbaycan prezidenti – Ali Baş Komandan Azərbaycan xalqının, onun gələcəyinin, inkişafının sadəcə qarant rolunda çıxış etmir, həm də onu həyata keçirir. Buna görə də ədəbiyyat üçün – xalqı ifadə edən ədəbiyyat üçün, demokratik ədəbiyyat üçün, ümummili ədəbiyyat üçün bu obrazın kəşfi, işlənməsi, mükəmməl şəkildə təqdimi olduqca vacibdir. Bu, ədəbiyyatımızın müharibə dövründəki ən böyük nailiyyətlərindən biri, bəlkə də birincisidir.
Seymur ƏLİYEV