Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı ordumuz tərəfindən əsir alınan erməni hərbçi Mikaelyan Albert Yervandi Ermənistan ordusunda xeyli sayda muzdlunun vuruşduğunu etiraf edib. Erməni əsir onların sayı, aldıqları vəsait haqqında da konkret rəqəmlər səsləndirib:
“2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırılmışam. Gümrü şəhərində xidmət etmişəm. Orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi almışam. Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orda muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”.
Maraqlıdır, Ermənistan hərbçisinin bu etirafı düşmən ordusunda mzudlu qüvvələrdən geniş istifadə edilməsi faktının yeni bir isbatı sayıla bilərmi? Habelə, Erməniustanın muzdlular hesabına müharibənin gedişatına təsir göstərməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu, düşmənin muzdlular hesabına onları gözləyən labüd sonluğu dəyişə bilməyəcəyini vurğulayıb:
“Ermənistan hakimiyyətinin Dağlıq Qarabağa muzdlular gətirməsi çoxdan məlumdur. Bəlli idi ki, ASALA, PKK terrorçualrı bölgəyə gətirilir. O zaman Ermənistanın bunun üçün müəyyən resursları var idi. İndi isə resursları tam tükənib. Buna görə də Paşinyan da, Qarabağdakı qondarma rejimin lideri də bildirir ki, kim əlində silah tuta bilirsə, orduya gəlsin. Əslində bu çağırışın özü muzdlulara çağırışdır. Beynəlxalq aləm bunu görməli və qiymətləndirməlidir. Qocaları, gəncləri cəbhəyə göndərən Ermənistan əsgər çatışmazlığı səbəbi ilə muzdluları da orduya cəlb etməyə çalışır. Bu muzdlular isə Azərbaycan ordusu tərəfindən neytrallaşdırılır. Ermənistanın resursları hər ötən gün bir qədər də azalır.
Əlbəttə ki, Ermənistan tərəfindən muzdluların Qarabağdakı əməliyyatlara cəlb edilməsi müharibənin gedişatına təsir göstərməyəcək. Hadisələrin axarı da bundan xəbər verir.
Azərbaycan ordusu sürətlə irəliləməkdədir. Heç bir muzdlu isə belə bir şəraitdə müharibədə iştirak etmək istəməz. Çünki onlar görür ki, üstünlük Azərbaycan tərəfindədir. Pilotsuz uçuş aparatları, dronlarımız Ermənistanın hərbi texnikası və canlı qüvvəsinə böyük zərbə vurur. Hansı ki, düşmən bu imkandan məhrumdur. Belə olan halda hansısa muzdlunun risk edib müharibədə iştirak etməyə can atması ehtimalı azdır.
Reallıq ondan ibarətdir ki, bu gün Ermənistanın öz vətəndaşları hərbi əməliyyatlarda iştirak etmək istəmirlər. Ordudakı könüllülər Ermənistan Silahlı Qüvvələrini tərk edib qaçırlar. Muzdlu o zaman savaşda iştirak edər ki, ona kifayət qədər böyük məbləğdə vəsait ödənsin. Kasıb Ermənistanın isə bunun üçün gərəkli maliyyə vəsaiti də yoxdur. Ona görə də Ermənistanın bundan sonra ordusuna çoxlu miqdarda muzdlu cəlb etməsi ehtimalını yüksək hesab etmirəm”.
Seymur ƏLİYEV