Azərbaycan ordusunun dövlətimizin ərazi bütövlüyü uğrunda apardığı Vətən Müharibəsi davam edir.
Maraqlıdır, Azərbaycanın bu müharibədəki zəfəri bütövlükdə türk dünyasının gələcəyi baxımından hansısa təsirlərə malikdirmi? Bu zəfər türk dünyasının gələcəyinə necə təsir göstərəcək?
Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Azərbaycanın Qarabağ müharibəsindəki qalibiyyətinin dünya miqyasında bir çox proseslərə əsaslı təsir göstərəcəyini vurğuladı:
“Azərbaycanın Qarabağda əldə edəcəyi zəfər türk dünyası üçün təsirsiz ötüşməyəcək. Azərbaycanın yerləşdiyi bölgə sıradan bir bölgə deyil. Onun paytaxtı Bakı türk dünyasının mərkəzidir. Bakı Xəzər dənizi vasitəsi ilə Orta Asiya və Türkiyəni, türk dünyasını qovuşduran bir mərkəzdir. Bu baxımdan Azərbaycanın nüfuzu da əəhmiyyətli dərəcədə artacaq. Bizim beynəlxalq aləmdə imicimiz yüksələcək. Demokratik inkişafımız baxımından yeni imkanlar açılacaq.
Türkiyə və Azərbaycan arsında münasibətlər üst qatda formalaşıb ki, bu, gələcəkdə Azərbaycan, Türkiyə və Rusiya arasında daha ciddi anlaşmaların meydana çıxmasına səbəb olacaq. Proseslər türk-slavyan əməkdaşlığına aparıb çıxara bilər. Bu ehtimal yüksəkdir. Bu isə dünyada qütblərarası savaşın anlaşma müəvisinə keçməsi ilə nəticələnə bilər.
Çalxalanan dünyanın xilasında Türkiyə-Azərbaycan birliyi və slavyan-türk əməkdaşlığı mühüm rol oynayacaq. NATO dövlətləri ilə türk-slavyan birliyi arasındakı əməkdaşlıq dünyamızda qarşıdrmalardan əməkdaşlığa keçidə yol aça bilər. Bu isə türk dünyasının birliyi, nüfuzu, ovqatı, dünyada daha əhəmiyyətli yer tutması üçün çox böyük fürsətdir. Mən proseslərin bu istiqamətdə gedəcəyini proqnozlaşdırıram və ordumuza da, xalqımıza da, Ali Baş Komandanımıza da yeni-yeni zəfərlər arzulayıram”.
Seymur ƏLİYEV