Xəbər verdiyimiz kimi, şəhid hərbçilərin və düşmən təxribatı nəticəsində zərər görmüş mülki vətəndaşların istehlak kreditləri tam həcmdə silinəcək. Bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdil qərar qəbul etdiyi vurğulanır.
Məlum məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov, bu qərarı alqışladığını vurğuladı:
“Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan bankların belə bir qərar verməsi alqışlanandır. Indiki məqamda bu addımın atılmasına çox böyük ehtiyac var idi. Bununla bağlı mənə də vətəndaşlar tərəfindən tez-tez müraciətlər olur, suallar verilirdi. Bu gün belə bir qərarın verilməsi bütün cəmiyyətdə məmnunluq doğuran bir addım oldu.
Həlak olan hərbçilərin istehlak kreditlərinin tam həcmdə silinməsi bir daha dövlətimizin şəhid ailələrinin qayğı və problemlərinə həssaslıqla yanaşmasından, onları daim diqqət mərkəzində saxlamasından xəbər verir. Bu qərar aktiv hərbi əməliyyatların davam etdiyi hazırkı dönəmdə belə dövlətimiz şəhid ailələri ilə bağlı heç bir məsələni diqqətdən kənarda qoymadığını, onları narahat edən məsələlərə operativ reaksiya verməklə şəhid ailələrinin yanında yer aldığını, onların sosial rifahının yaxşılaşması üçün bütün gərəkli addımları atmaqda qərarlı olduğunu göstərir. Bütövlükdə, şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici bir addımdır.
Erməni terrorundan zərər görən mülki şəxslərin kreditlərinin silinməsi də təqdirəlayiq bir addımdır və bu, dövlət-vətəndaş həmrəyliyinin tamlığından, bütövlüyündən xəbər verir. Odur ki, mən bu qərarı alqışlayır, bunu dövlətimizin şəhid ailələrinə çox böyük qayğısı kimi dəyərləndirirəm”.
Seymur ƏLİYEV