Türkiyə və Azərbaycan mediasında yer alan məlumatlara görə, Ermənistan Şuşa şəhərində PKK terrorçularından ibarət qruplar yerləşdirib. Hansı ki, həmin terrorçulara Azərbaycan hərbi forması geyindirilib. Ehtimala görə, bunda məqsəd Azərbaycan hərbçilərində çaşqınlıq yaratmaq, habelə, Azərbaycan mundirli PKK terrorçuları ölən zaman onları Suriyadan gətirilən və Azərbaycan ordusunun tərkibində vuruşan muzdlular kimi təqdim etməkdir.
Erməni terrorçularının öz işğal siyasətində PKK terror təşkilatından da istifadə etməsi Azərbaycan ordusunun Qarabağda qlobal terrorizmə qarşı mübarizə apardığını söyləməyə imkan verirmi?
Moderator.az-a açıqlama verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin rəhbəri, görkəmli tarixçi-pedaqoq, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, bu qənaəti tamamilə bölüşdüyünü vurğuladı:
“Şübhəsiz ki, bu gün ordumuzun apardığı mübarizəni, həm də qlobal terrorizmə qarşı mübarizə kimi xarakterizə etmək mümkündür. Ermənistanla PKK terror təşkilatı arasındakı əməkdaşlıq bunu bir daha sübut edir.
Bu gün cənab prezident dünya miqyasında elə bir siyasət həyata keçirir ki, bu siyasət nəticəsində ermənilərin əsl siması, onların bütün hiylə və məkri ifşa olunur. Ermənilərin əsl kimliyi, məqsəd və məramı tədricən ABŞ və Avropada da dərk olunmaqdadır. 27 sentyabr tarixində prosesləri başladan, ölkəmizə hücum edən də ermənilər oldu. Hansı ki, ondan öncə Tovuz və s. ərazilərdə düşmən çoxsaylı təxribatlara cəhd etdi. Baş verənlər göstərdi ki, Ermənstan öz terrorçuluq fəaliyyətindən əl çəkmək niyyətində deyil. Əgər hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidəki səylərimiz də bu cür davam etsə, o zaman yaxın gələcəkdə dünya ermənilərin əsl kimliyindən tam olaraq xəbərdar olacaq”.
Seymur ƏLİYEV