Prezident İlham Əliyev bu gün xalqa müraciətində bir daha Ermənistana edilən hərbi yardımlara diqqət çəkib, Azərbaycanda F-16 təyyarələrinin mövcudluğu haqqında danışanların bu silah-sursat axını haqqında heç bir söz demədiyini, bu barədə bir kəlmə də olsun danışmadığını bildirib.
Maraqlıdır, Ermənistana edilən hərbi yardımlar müharibənin taleyinə hansısa formada təsir göstərə bilərmi? Hərbi texnika ilə yanaşı, canlı qüvvə sarıdan böyük itkilərə məruz qalan, nizami ordudan başıpozuq dəstələrə çevrilən, yaşlı, uşaq və qadınlar hesabına komplekləşdirilən Ermənistan Silahlı Qüvvələrini sadəcə texniki yardımlar hesabına xilas etmək mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə, heç bir yardımın Ermənistanı labüd məğlubiyyətdən qurtarmayacağını vurğuladı:
“Ermənistana göstərilən hərbi yardımlar müharibənin taleyinə təsir etməyəcək. Bu, sadəcə ordumuzun işini bir qədər çətinləşdirə bilər, lakin işğalçını qəti məğlubiyyətdən xilas edə bilməz. Ermənistan məğlubiyyətə məhkumdur. Hərbi əməliyyatların gedişatı da bunu göstərir. Odur ki, Ermənistana kimin nə verməsindən, hansı texnika göndərməsindən asılı olmayaraq, düşmən layiq olduğu sonluğu yaşayacaq. Buna kimsənin şübhəsi olmasın”.
Seymur ƏLİYEV