“Prezidentimiz 30 gün ərzində dünya mediasındakı çıxışları ilə, Ermənistanın 30 illik yalanlarını darmadağın etdi”.
Bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədri müavini, polkovnik Cəlil Xəliov bildirib. Prezident İlham Əliyevin 27 sentyabr tarixindən etibarən dünyanın bir sıra məşhur KİV orqanlarına silsilə müsahibələr verdiyini vurğulayan Cəlil Xəlilov, bu müsahibələrin beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından mühüm önəm kəsb etdiyini vurğuladı:
“Bildiyiniz kimi, biz düşmənə qarşı yalnız hərbi müstəvidə deyil, həm də informasiya cəbhəsində mübarizə aparırıq. Məqsədimiz dünyanı bu gün Qarabağ cəbhəsində baş verənlər haqqında obyektiv məlumatlandırmaq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etməkdir. Bu baxımdan ölkə başçısının dünyanın məşhur media qurumlarına verdiyi müsahibələr, bu müsahibələr zamanı səsləndirdiyi fikirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Çünki dünya ictimaiyyəti bu çıxışlar vasitəsi ilə Qarabağ problemi, hər əməliyaytlar haqqındakı əsl həqiqəti Azərbaycanın birinci şəxsinin dilindən eşidir. Hansı ki, cənab prezidentin başdan-ayağa ciddi məntiq və arqumentlər üzərində qurulan, faktlara və sübutlara söykənən çıxışı düşmənin informasiya məkanındakı yalan və dezinformaisyalarının ayaq açıb yeriməsinə imkan vermir. Bu çıxışlar Azərbaycanın nə qədər haqlı, nə qədər ədalətli olduğunu, yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında hərəkət etdiyini göstərir.
Ölkə başçısı məlum çıxışlarında sadəcə baş verənlər haqqında məlumat vermir, həm də bunun səbəblərinə, tarixi köklərinə aydınlıq gətirir, vəziyyətin bu hədə gəlib çatmasında
beynəlxalq təşkilatların və aparıcı dövlətlərin ziyanlı davranış və hərəkətsizliyinin nə dərəcədə rol oynadığını izah edir. Bu çıxışlarda Azərbaycana dost olan dövlətlərə minnətdarlıqla yanaşı, işğalçını silahlandıran, onun mülki insnalara qarşı həyata keçridiyi qətliyamları görməzdən gələn dövlətlərə ciddi qınaq və ittihamlar səsləndirilir. Və ən əsası, bu çıxışlarda Azərbaycan xalqının iradəsini, qətiyyəti özünü əks etdirir.
Hesab edirəm ki, prezident İlham Əliyevin Türkiyə, Rusiya, Fransa, İtaliya və s. dövlətlərin aparıcı KİV-lərinə verdiyi müsahibələr yüz illər sonra da Azərbaycan dövlətinin haqq səsi olaraq ən mötəbər tarixi mənbə kimi hörmətlə anılacaq, təkrar-təkrar öyrəniləcək və təhlil ediləcəkdir. Əminəm ki, dövlətimiz hərb meydanında olduğu kimi informasiya qarşıdurmasında da öz qəti üstünlüyünü sona qədər davam etdirəcək, onun bütün yalanlarını öz həqiqəti ilə ifşa edəcək”.
Seymur ƏLİYEV