Salam olsun tarix yazan Şanlı Azərbaycan Əsgər və Zabitlərinə! Sizlər bizim qürur mənbəyimizsiniz. Sizin, Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin komandanlığı altında göstərdiyiniz qəhrəmanlıq, igidlik və dəyanətiniz sayəsində tarixə qızıl hərflərlə yazılacaq sətirlərin bu gün canlı şahidi oluruq. Biz tələbələr olaraq arxa cəbhədə sizə bacardığımız qədər maddi və mənəvi dəstək olmağa çalışırıq. Uğurlu, şərəfli və dünya hərb sənətini heyran edən döyüş əməliyyatlarınız nəticəsində, illərdir həsrət qaldığımız doğma torpaqlarımıza müqəddəs üçrəngli bayrağımız sancılır. Üçrəngli bayrağımızın müqəddəs Şuşa şəhərinin Cıdır meydanında dalğalanmsına az qalıbdır. O gün uzaqda deyildir. O gün bu gündür! Sizin rəşadətiniz sayəsində bu böyük arzumuz, diləyimiz gerçəkləşir. Göy üzü mavi, yer üzü yaşıl olduğu müddətdə bayrağımız daim yüksəklərdə dalğalanacaqdır. Müqəddəs üçrəngli bayrağımıza həsr olunmuş xalq mahnısında deyildiyi kimi “Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı...”. Dünyanın dörd bir yanında yaşayan, milyonlarla soydaşımız sizinlə qürur duyur. Onların qəlbi vətənimiz və sizinlə döyünür.
Rəşadətli Əsgərlərimiz! Sizin qəhrəmanlığınız sayəsində düşmən əsirliyindən azad edilən, xalqımızın birlik və bütövlük simvolu olan Xudafərin körpüsü üzərində üçrəngli bayrağımızın sancılması tarixi ədalətin bərpası oldu. Uzun illərdir Arazın o tayında göz yaşı ilə Qarabağa baxan Cənublu soydaşlarımızın həsrətinə son qoyuldu. Artıq növbəti illərdə xalqımızın birlik və dirilik bayramı olan Novruz bayramında Xudafərin körpüsünün hər iki tərəfində üç tonqal – sül, birlik, bərabərlik tonqalları qalanacaqdır.
Əziz Qəhrəmanlar! Qazandığınız hər bir zəfər üçün, bizə yaşatdığınız bu fəxr, qürur, sevinc dolu anlar üçün ömrümüzün sonuna qədər sizə minnətdar olacağıq. Siz, Şah Əsərimiz olan Bütov Azərbaycan uğrunda döyüşən Şah Qəhrəmanlarımızsınız... Allah, tarix yaradan və tarix yazan Şanlı Ordumuzu qorusun. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır!
Şəfəq Ağalarlı
Bakı Dövlət Universitetinin,
Şərqşünaslıq fakültəsinin I kurs tələbəsi