Bu gün qardaş Türkiyə Cümhuriyyət bayramını – Respublika Gününü qeyd edir.
Bu tarixi günlə bağlı
Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev, Türkiyənin Azərbaycana
dəstəyinin mühüm önəm kəsb etdiyini vurğuladı:
“Biz partiya adından mətbuatda
təbrik səsləndirdik. Bu təbriki yalnız Türkiyədəki türkləyə deyil, həm də Azərbaycandakı
soydaşlarımıza ünvanladıq. Bu, o deməkdir ki, sözügedən bayram hər iki dövlətin
bayramıdır.
Baş verənlər göstərir ki,
biz nəinki bayramlarımızı birgə keçirəcəyik, bütün ciddi addımlarımızı birgə
koordinasiya edəcəyik. Xarici siyasətimiz, hərbi siaysətimiz, inkişaf modellərimiz,
post-müharibə dönəmindəki duruşumuz Azərbaycan və Türkiyənin birliyinə, həmrəyliyinə
bağlıdır.
Yüzillərdir ki, Azərbaycan
və Türkiyə bir-birlərinə yardım edib. Azərbaycan türkləri Çanaqqalada şəhid
olublar. Türkiyə türkləri Azərbaycan torpaqlarında şəhid olublar. Bu gün də Azərbaycan
Türkiyə ilə bir yerdədir. Doğrudur, Azərbaycanın apardığı Vətən Müharibəsində
türk əsgəri iştirak etmir və buna ehtiyac da yoxdur. Azərbaycan düşmənə qarşı
bütün hərbi əməliyyatları təkbaşına aparır. Lakin əgər hər hansı üçüncü bir tərəf
məsələyə müdaxilə edərsə, o zaman Türkiyənin müdafiə nazirinin dediyi kimi, türk
əsgəri yanımızda olacaq. Azərbaycan prezidenti də F-16-larla bağlı bildirdi ki,
əgər hər hansı xarici aqressor prosesə müdaxilə edərsə, o zaman bu F-16-ları
qarşısında görəcək. Prezident Ərdoğan da vurğuladı ki, Qarabağ məsələsi Türkiyə
üçün qırmızı cizgidir və kimsə bunu pozarsa, o zaman ona heç bir güzəşt edilməyəcək.
Bunlar çox ciddi mesajlardır.
Dünya dəyişib. Türkiyə
sadəcə regionda deyil, dünyada əsas dövlətlərdən birinə çevrilib. Azərbaycan da
nəinki 30 ilin, 5 il öncənin Azərbaycanı deyil. Azərbaycan bölgə liderinə
çevrilib. Hesab edirəm ki, Azərbaycan və Türkiyə bundan sonra da çiyin-çiyinə
bütün çətinliklərin öhdəsindən uğurla gələcək”.
Seymur ƏLİYEV