Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşü başa çatıb.
Maraqlıdır, Azərbaycan ordusunun hərb meydanında əldə etdiyi uğurlar, ardıcıl qələbələr ölkəmizin danışıqlar masasındakı mövqeyinin möhkəmlənməsinə nə dərəcədə yardım edir?
Moderator.az-a açıqlama verən keçmiş diplomat, politoloq Fikrət Sadıqov Azərbaycanın həm müharibə, həm də diplomatik müstəvidə öz fəaliyyətini uğurla davam etdirdiyini vurğuladı:
“Azərbaycan işğal altındakı ərazilərdə anti-terror əməliyyatı başladığı andan diplomatik istiqamətdə də aktiv fəaliyyətini davam etdirməkdədir. Moskvada, Vaşinqtonda, Parisdə, Cenevrədə Azərbaycan XİN-i danışıqlar apardı. Göstərdi ki, ölkəmiz problemin diplomatik yolla, sülh yolu ilə həllindən bu gün də imtina etmiş deyil. Biz göstərdik ki, prinsipial mövqe nümayiş etdirərək öz torpaqlarımızı azad etməklə yanaşı, danışıqlarda da iştirak edirik.
Cenevrə danışıqlarına gəldikdə, həmsədrlərin bəyanatında o qədər də önəm kəsb etməyən fikirlərin yer aldğını görürük. Lakin biz başqa bir şey də gözləmirdik. Amma bir məqama toxunmaq istəyirəm. Heç bir həmsədr demədi ki, Azərbaycan hərbi əməliyaytları dayandırmalıdır, yaxud torpaqlarını azad etməli deyil. Bu, mühüçm bir məqamdır. Biz öz fəaliyyətimizi hərbi müstəvidə davam etdirməliyik. Təbii ki, Azərbaycan heç vaxt cəsədlərin təhvil verilməsi məsələsinə maneçilik törətməyib. Sadəcə, Ermənistan tərəfi cəsədlərini götürmək istəmir.
Torpaqlarımız azad olunmalıdır. Kimin nə deməyindən asılı olmayaraq, biz öz torpaqlarımızı azad etməkdə davam edəcəyik. Artıq dünya da bunu dərk edib və bu məsələdə kimsə Azərbaycana mane ola, onun haqq işi uğrundakı mübarizəsinə əngəl ola bilməz ”.
Seymur ƏLİYEV