Türkiyə "Türk ocaqları" Mərkəzi Qərargahı Dağlıq Qarabağ və ətraf bölgələrdə erməni terrorundan əziyyət çəkən, evləri dağıdılan və yaralanan insanlara ilk dəstəyini göstərib. 120 ailə üçün nəzərdə tutulan ərzaq bağlaması oktyabrın 31-də Tərtərə və Gəncəyə aparılıb.
Bu barədə Moderator.az-a məlumat verən Azərbaycan "Türk ocağı"nın sədri Akif Aşırlı öncə bütün çətinliyə sinə gərən, atəş altda yaşayan Tərtərdə olduqlarını bildirib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov və rayon əhalisi ilə görüşüb, vəziyyətlə yaxından tanış olublar. Qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayan M.Məmmədov bu çətin günlərdə onları unutmayanlara minnətdarlıq edib. Sonra icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə 80 ailəyə ərzaq yardımı paylanılıb.
Tərtərdən sonra Gəncəyə gələn "Azərbaycan "Türk ocağı"nın təmsilçiləri erməni terrorundan dağılan evlərə baxıb, sakinlərlə görüşüb. 40 ailəyə ərzaq yardımı edib. Gəncədə milli əhval-ruhiyyənin yüksək olduğunu qeyd edən Akif Aşırlı bildirib ki, Vətən savaşının ilk günlərindən milli birliyin ən yüksək örnəklərinin şahididirlər. Erməni terrorunda valideynlərini itirmiş körpələri də ziyarət edərək onlara hədiyyələr verilib.
A.Aşırlı bildirib ki, "Türk ocaqları"nın Azərbaycana dəstəyi davamlı olacaq.
Seymur ƏLİYEV