Artıq 39-cu gündür ki, Vətən Müharibəsi davam edir. Hansı ki, bu müddət ərzində ordumuzun zəfər yürüşü ilə bağlı çoxlu sayda vətənpərvərlik mahnıları meydana çıxıb, kompozisiyalar yaradılıb. Bəs bu kəmiyyət bolluğu fonunda lazımi keyfiyyət amili də özünü göstərirmi?
Moderator.az-a açıqlama verən Xalq artisti Mübariz Tağıyev görülən işlər haqqında yüksək fikirdə olduğunu vurğuladı:
“Bu gün vətənpərvərlik mahnıları sel kimi axıb gəlir. Mən hər gün bir-birindən gözəl vətənpərvərlik mahnıları eşidirəm. Bu, məni çox sevindirir. Ola bilsin ki, bu mahnılardan hansısa kiməsə xoş gəlir, kiməsə yox. Amma bu bir reallıqdır ki, bu mahnıların hamısı vətən üçün yazılıb, vətən üçün səsləndirilir və ən əsası, onların hamısı ürəkdən gəlir.
Sözün düzü , mən əvvəllər həvəskar bəstəkarlara başqa cür yanaşırdım. Amma görünən odur ki, onların da içində yaxşı mahnı bəstələyənlər var. Bunu Allah vergisi kimi izah edirəm. Görünən odur ki, bəzən həvəskar bəstəkarların mahnıları arasında da xoşa gələn mahnılara rast gəlinir.
Bir şeyi unutmaq olmaz ki, bu mahnıların heç biri öz-özünə yaranmır. Onlar bəstələnir, oranjiman edilir. Həmin mahnını səsləndirmək üçün saatlarla studiyalarda vaxt və enerji sərf edilir. Bu gün ordumuzun işğalçılara qarşı Vətən Müharibəsi apardığı bir zamanda insanlarımız güc və imkanları daxilində nə isə eləmək, bu mübarizəyə hansısa şəkildə öz töhfələrini vermək istəyirlər. Mən bütün bunları alqışlayır, bu sahədə xidməti olan hər kəsə öz minnətdarlığımı bildirirəm”.
Seymur ƏLİYEV