Əziz Həmvətənlərim!
Saxta seçkilərdən az sonra baş verənlər zənnimcə Azərbaycan üçün çox böyük təhlükələrdən xəbər verir. Bu sırada çox az danışan, dediklərini mikroskopla yoxlayan Prezident aparatının rəhbəri Ramiz Mehtiyevin ABŞ-la bağlı bəyanatı, Müdafiə Naziri Səfər Əbiyevin ABŞ səfiri Morninqstarın gizli yazılmış səsini elan etməyə hazır olduğu və Birulyov hadisələri xüsusi önəm kəsb edir. Əsla inanmıram ki, ABŞ, heç vaxt etibar etmədiyi Azərbaycan hakimiyyəti ilə, hansısa sövdələşməyə getsin. Xüsusilə, 25-75% məsələsinin kiminsə ağlına batacağını zənn etmirəm. Bəs nədən hakimiyyətin faktiki ikinci şəxsi ABŞ-ı bu cür ağır ittihamlarda günahlandırır? Yoxsa ABŞ-ın bu ittihamı cavabsız qoyacağını zənn edirdilər? Hesab edirəm ki, hakimiyyət ABŞ-ın sərt cavab verəcəyini bilirdi və bunu da istəyirdi. ABŞ bəlkə xarici siyasət tarixində çox nadir olan ağır ifadələrlə cavab verdi. Səfir Morninqstarın danışığının mətbuata çıxarılması seçkilərin legitimləşdirilməsinə hesablanmış addım da ola bilərdi. Səfirin iki şəxs arasında olmuş söhbəti təkzib etməsindən sonra, Müdafiə Nazirliyi gizli yazılmış sübutlarla onu ifşa etməyə hazır olmasını dərhal bəyan etdi. Bu hərəkətləri də təsadüfi və bu halın törədəcəyi fəsadları bilməmək kimi izah etmək olarmı? Politoloq olmasam da hər iki halın bilərəkdən, maksimum ABŞ-la münasibətləri gərginləşdirmək məqsədi daşıdığına şübhə etmirəm.
Birulyov hadisələrinə gəlincə isə, Rusiyanın
dünyada ən kriminal ölkələrdən olmasını hamı bilir. Necə oldu ki, hər gün
minlərlə ölüm hadisələri, o cümlədən Orxan Zeynalovun törətdiyi cinayətdən
qat-qat ağır cinayətlər baş verir və ictimailəşmir, bu ölüm hadisəsi isə
günlərlə KİV-lərin manşetini zəbt edir. RF-də Azərbaycandakı kimi, bütün
KİV-lərin hakimiyyətin nəzarətində olduğu faktdır. Rusiya hakimiyyəti isə bu
ajiotajın kütləvi iğtişaşlara səbəb olacağını bilməmiş qədər savadsız deyil. Nəyi,
nəyi ancaq milli zəmində kütləvi iğtişaşları istər keçmiş SSRİ məkanında,
istərsə də Afrika və Asiya ölkələrində (o cümlədən 1988-ci il Sumqayıt
hadisələri) təşkil olunması baxımından dünyada Rusiya ilə rəqabət aparacaq
ikinci ölkə yoxdur. Radikal millətçilərin Rusiya xüsusi xidmət orqanları
tərəfindən idarə edilməsi danılmazdır.
Onda nə baş verir?! Yenə də zənn edirəm ki, söhbət
Azərbaycanın müstəqilliyinin itirilməsindən, Gömrük ittifaqı kimi, faktiki
olaraq SSRİ-ni bərpa edəcək qurumlara üzvlüyə daxil olmasından gedir. Bu
oyunlarda başqa məqamlar da var. Sadəcə onların hər birinin üzərində dayanıb
yazını uzatmaq istəmirəm. Bu istiqamətdə Azərbaycan və Rusiya hakimiyyətlərinin
sinxron, yaxud tərəflərdən birinin məcburən oynamasını isə yaxın zaman
göstərəcək.
Bəs BİZ ”“ Vətəndaşlar nə etməliyik? Birulyov
hadisələri ilə bağlı Orxan Zeynalov tərəfindən ağır cinayət törədilməsini (əgər
sübut olunarsa) etiraf edib, bu hadisədən üzüldüyümüzü bildirməliyik. Bu
məsələnin milli zəmində düşmənçiliyə çevrilməməsi üçün əlimizdən gələni
etməliyik. Bununla bərabər RF-da qanunların olmadığını, insan haqlarının kobud
pozulmasına sıravi polislərdən tutmuş, şəxsən Daxili İşlər Nazirinə kimi yol
vermələrini sübuta yetirən videogörüntüləri (bazarların dağıdılması, oradakı
işçilərin OMON-çular və onların dəstəyi ilə spirtli içki içmiş millətçilər
tərəfindən təhqir olunması, Orxan Zeynalovun həbsi, onun Daxili İşlər Naziri
Kolokoltsevin hüzuruna gətirilməsi və s.) bütün dünyaya yaymalıyıq. Bunun üçün
həmin videogörüntüləri, hər özünü Azərbaycan Vətəndaşı sayan, dünya KİV-lərinə,
beynəlxalq rəsmi strukturlara (AŞ, ATƏT, BMT və s.), insan haqları
təşkilatlarına göndərməlidir. Bütün bu videoları sosial şəbəkələrdə “Əgər Orxan
Zeynalov cinayət törədibsə RF qanunlarına uyğun cəzasını almalıdır. Ancaq onun
da insan hüquqları Rusiya hakimiyyəti və beynəlxalq qurumlar tərəfindən
qorunmalıdır” başlığı ilə yayılmalıdır.
İkinci və ən əsas məsələ. Azərbaycanın
müstəqilliyinə xələl gətirəcək, onun müstəqilliyini hər hansı şəkildə
məhdudlaşdıracaq istənilən qurumun üzvlüyünə yol verməmək üçün nə etməliyik
sualına hazır olmalıyıq.
Hesab edirəm ki, 1993-cü ildən sonra Azərbaycan
Respublikasının müstəqilliyinə ən təhlükəli məqamdır.