Gülnarə Xəlilova: “Milli ruhda yaratdığım kolleksiyalarla dünya çapında sevilirəm”
Tarixi uludan-ulu, mədəniyyəti zəngin Azərbaycanın başı bəlalı Qarabağ mahalının milli geyimlərini ilmə-ilmə toplamaq, naxış-naxış tərtib edib gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Bu ilmələrə, naxışlara sahiblənmək həm də böyük bir məsuliyət tələb edir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer, dizayner Gülnarə Xəlilova isə bu məsuliyyətdən boyun qaçırmayanlardandır. Onun Qarabağ kolleksiyası dünyanı dolaşır.
Moderator.az-ın
qonağının da məhz Gülnarə Xəlilova olması isə heç də təsadüfi deyil. Əslən
Qarabağlı olan müsahibimlə Qarabağ xanımlarının geyim ənənəsindən və bu ənənənin
gələcək nəsillərə ötürülməsindən danışdıq.
- Qarabağ hər birimizin arzusu idi. 28 ildən sonra arzumuza qovuşduq. Hansı hisləri yaşayırsınız?
- Çox gözəl hislər yaşayıram. Bu, tək mənim
deyil, bütün Azərbaycan xalqının yaşadığı sevincdir. Yaşadığım duyğuları sözlə
ifadə etmək doğrudan da çox çətindir. Bir Qarabağlı kimi bu hisslərin
qarşısında ifadələr acizdir. Atam akademik Vidadi Xəlilov Cəbrayıl rayonunun Cərəkən
kəndindəndir. Mən Bakıda doğulsam da, əslim Qarabağlıdır. Qələbə günü məni bu
münasibətlə təbrik edən insanlarla sevinc göz yaşlarımız bir- birinə
qarışmışdı. Fürsətdən istifadə edib, bu qələbəyə görə Ali Baş Komandanımıza,
Şanlı Ordumuza çox təşəkkür edirəm. Bu yolda canından keçən şəhidlərimizə Allahdan
rəhmət diləyirəm. Onların valideyinlərinə başsağlığı verirəm. Onlar hər zaman qəlblərdə
yaşayacaqlar!
- “Qarabağ Azərbaycan Milli Geyim Kolleksiyası”
bu zərurətdənmi yarandı? Bu layihənin davamı olacaqmı?
- “Qarabağ” Azərbaycan
Milli Geyim Kolleksiyası bu zərurətdən yaranmadı. Bu kolleksiya 2015-cı ildə
yaranmışdı. İlk dəfə Çində, Rusiyada, Londonda nümayiş olunmuşdu. 2020-ci ilin
sentyabr ayında qatıldığım “İnternational Digital Fashion Week” moda həftəsində isə bu kolleksiyanı bütün
dünya məşhur Amerika moda kanalı olan FNL Network kanalında izlədi və hələ də
2021-ci ilin fevral ayına qədər izləməkdə davam edəcəklər. Dünyanın ən məşhur dizaynerləri
ilə bərabər bir platformada məhz “Qarabağ” kolleksiyamı nümayiş etdirmək mənə
xüsusi bir zövq verdi. Sözügedən layihənin
davamı hər zaman olacaq. Bu, mənim illərdir niskilini çəkdiyim torpaqlarımıza həsr
olunmuş bir mövzudur. Ümumiyyətlə mən toxunma əl işlərindən ibarət olan möhtəşəm
bir kolleksiya ilə tanınmışam. Bir dizayner kimi bütün üslublarda işləyə bilirəm.
Hər zaman bütün kolleksiyalarımda vətənpərvər ruh hiss olunub. Azərbaycanımın
milli-mənəvi dəyərlərini, geyim ənənələrini təbliğ etmək mənə xüsusi zövq
verir. Maraqlıdır ki milli ruhda yaratdığım kolleksiyalar da uğurlu alınır. Və
mən bununla dünya çapında sevilirəm.
- Şuşaya, Ağdama, Zəngilana və
ümumilikdə Qarabağa dair özünəməsus, özəl geyimlər varmı?
- Ümumiyyətlə, hər bir bölgənin özünəməxsus
geyimləri olub. Bu, daha çox xanlıqlar dövründə özünü göstərirdi.
Hər xanlığın öz geyim tərzi var idi. Və bununla da kimin hansı xanlığa, bölgəyə
aid olduğu seçilirdi. Qarabağ bölgəsinin geyimləri öz zənginliyi ilə sevilir. Ümumiyyıtlə,
Azərbaycan milli geyimləri çox rəngarəng və özünəməxsus olub.
- Gülnarə xanımın Qarabağda həyata keçirmək
istədiyi hansı layihələri, planlar var?
- Əlbəttə ki, mənim
ən böyük arzularımdan biri də məhz möhtəşəm qələbəmiz sayəsində geri aldığımız
doğma Qarabağ torpağında elə Qarabağa həsr etdiyim, bütün dünyanı heyran edən
“Qarabağ” Azərbaycan Milli Geyim kolleksiyamı nümayiş etməkdir. Allah hər zaman hər birimizi arzularına çatdırsın!
Əlavə onu da
vurğulamaq istərdim ki, 2006-cı ildən təşəbbüsüm və arzum olan “Azərbaycan
Milli Geyim Günü” təsis olunsun. Və bu möhtəşəm günü elə Qarabağda dünya
insanlarının, turistlərin qatılacağı böyük festival, bayram kimi qeyd edək!
Xəyalə Rəis









