Şəbnəm Tovuzlu: “Bu gün sənətimi atsam...”
Moderator.az-ın bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və 9 aydır ləğv olunan toylardan danışdı.
- Hər ifaçının
repertuarında ən azı 2 Qarabağa həsr olunan mahnısı var. Bu gün Qarabağ sahibinə geri döndü. Hansı hissləri
yaşayırsınız?
- Qarabağ hər
birimizin uşaqlıq arzusu idi. Bizim əsas qayəmiz, istəyimiz, hədəfimiz
torpaqlarımızın işğaldan azad olunması idi və biz bunun üçün yaşamışıq. Torpaqlarımızın
düşməndən xilas olunmasında Azərbaycanın mərd, qəhrəman oğullarının böyük rolu
olub. Onların 6-sı ailə üzvlərimdir. Belə ki, xalamın 6 nəvəsi II Qarabağ müharibəsində
ön cəbhədə vuruşublar. 3-ü artıq
qayıdıb, 3-ü isə hələ də Qarabağdadır. Cəbhə böləsində vətənin keçiyində duran
hər bir əsgərlərimiz bizim övladlarımızdır. Onu da nəzərinizə çatdırım ki, digər
bögələrdən olduğu kimi Tovzudan şəhidlərimiz oldu. Biz şəhidlərimizə Allahdan rəhmət
diləyirik. Onlara canımız da qurbandır. Çünki onlar bizim üçün, torpağımız üçün
canlarından keçdilər.
Bu gün əldə
etdiyimiz qələbəyə görə çox sevincliyik. Artıq bundan sonra istirahət üçün xaricə
deyil Qarabağın səfalı təbiətinə üstünlük verəcəyik. Bu torpaqlar sözün əsil mənasında
cənnət məkandır. Hesab edirəm ki, vətənimdən kənarda yaşaya bilmərəm. Azərbaycanı
çox sevirəm.
- Qarabağda oxumaq istədiyiniz özəl bir
mahnınız varmı?
- Yeni ifa etdiyim
“Qarabağ Azərbaycandır!” mahnım bu ruhdadır. Sözügedən mahnım kifayət qədər
sevildi və diqqət gördü. Bu mahnını ürəklə
ifa etdim. Mahnın mətni də Ali Baş Komandanımızın sözlərinə istinadən
hazırlanmışdı. Mahnını məhz bu səpkidə yazdırdım. İşğaldan azad olunan
torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm.
- Şuşada
konsert verməyi necə, düşünürsünüzmü?
- Əlbəttə, bütün sənətçilərin arzusudur ki,
Qarabağda, işaldan azad edilmiş torpaqlarda konsert proqramı ilə çıxış
etsinlər. Bilirəm ki, bundan sonra Qarabağda konsert proqramı, toylar daha çox
olacaq. Biz də gedib həm o torpaqları görəcəyik, həm də oradakı toy məclislərində
iştirak edəcəyik.
- İndi
hərbi geyimdə fotosessiya etdirən müğənnilərin sayı vətənpərvər mahnılar ifa edənlərdən
daha çoxdur. Siz necə?
- Mən “Qarabağ Azərbaycandır!” mahnısını hərbi
geyimdə ifa etdim. Bu geyimdə şəkillərim
oldu, klipim çəkildi. Həmin klipi vətənimiz, qələbəmiz üçün çəkdirdim. Bu ruhda
ifa edilən mahnı da sevildi və gözəl qarşılandı. Müğənnilər o hərbi geyimi hər dəqiqə geyinmir. Biz də arxa cəbhədə döyüşən vətəndaşlarıq.
Öz dəstəyimizi ifalarımızla bildiririk.
- Bu müddət ərzində əsgərlərlə görüşdünüzmü?
- Bəli, mən Tərtərə getdim, orada əsgərlərlə
görüşdüm. Ancaq bu görüşdən heç bir çəkiliş etmədim. Əlimdən gələn qədər
yardımlar da etməyə çalışdım. Bunu deyib, özünü reklam etməyin tərəfdarı deyiləm.
Nəinki indi bundan əvvəl də xeyriyyə tədbirlərində iştirak edir, yardımlar edirdim.
Hətta elə olur ki, mənə mesaj yazırlar və mahnılarımı dinlədiklərini, sevdiklərini
bildirirlər. Qeyd edirlər ki, heç nəyə ehtiyacımız yoxdur, sadəcə ifanızı eşitmək
istəyirik. Bu ərəflərdə əsgərlərimiz üçün telefonda 15-20 dəqiqə mahnı
oxumuşam. Biz xanım olaraq döyüşə bilmədiyimiz üçün arxa cəbhədə əlimizdən gələni
etməyə çalışırıq.
- Hazırda
ölkəmiz iki düşmənlə- erməni və koronavirusla mübarizə aparır. Pandemiya sizi nələrdən
məhrum etdi?
- Pandemiya hər
sahəyə öz təsirini göstərdi. Bu virusla işləmək çətindir. Pandemiya biz
ifaçılara daha çox problem yaratdı. Virus çox yayılıb və bundan dünyasını dəyişənlərin
də sayı çoxalıb. Mənim qohumlarımdan da yoluxanlar var. Biz də bacardığımız qədər qorunmağa çalışırıq.
Pandemiyadan dolayı restoranların bağlanması burada çalışan bütün işçilərin
qazancını dayandırdı. Bütün bunların səbəbkarı koronavirusdur ki, o görünməz
düşməndir. Erməniyə qalib gəldik, qaldı
koronavirus. Buna da qalib gəlsək bizə ölüm yoxdur.
- Bəs bu günlər ərzində necə dolanırsınız?
- Mən elə bir insanam
ki, aza da çoxa da qane oluram. Sənətim olsa da, olmasa da gözəl ailəm var. Mən
ev xanımı kimi evimdə otururam. Bəs insana ailə hansı gündə lazımdır? Bəlkə mən
ifaçı deyiləm, o zaman ailəm mənə baxmayacaq?
Bu gün sənətimi atsam təbii ki, o
zaman mənə həyat yoldaşım baxacaq. Hazırda işim yoxdur, evdə oturub balalarıma
baxıram. Yoldaşım da bizə baxır. Pandemiya günlərində heç bir maddi çətinliyim
olmayıb.









