“Laçının azad edilməsi Ali Baş Komandanın qətiyyətinin, ordumuzun gücünün göstəricisidir”.
Bunu Moderator.az-a
açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil
Xəlilov bildirib. Cəlil Xəlilovun sözlərinə görə, Ağdam və Kəlbəcərin ardınca,
Laçın rayonunun da azad edilməsi, ordumuzun güc və qüdrətindən xəbər verir:
“Təbii ki, Ağdam və Kəlbəcərin
ardınca Laçın rayonunun da azad edilməsi, Azərbaycan ordusunun bu torpaqlar üzərində
nəzarətinin təmin edilməsi olduqca böyük, tarixi bir nailiyyətdir və bu, ölkə
başçısının dəmir iradəsinin, Azərbaycan ordusunun yenilməzliyinin təzahürü kimi
qiymətləndirilməlidir.
Baş verən bu olaylar göstərdi ki, ordumuz qarşısında qoyulan istənilən tapırığı
yerinə yetirmək, işğaldakı torpaqlarımızı azad etmək, bu torpaqlarda yenidən Azərbaycan
bayrağını ucaltmağa qadirdir və heç bir qüvvə bu məsələdə ona mane ola bilməz.
Ali Baş Komandanımızın dediyi kimi, dəmir yumruqla düşmənin başını əzdik, onu
işğal etdiyi torpaqları tərk etməyə məcbur etdik. Və əminəm ki, ordumuzun bu
uğurlarının hər biri tarixə qızıl hərflərlə həkk olunacaq”.
Polkovnik Laçının
azadlığının ərazi bütövlüyümüzün təmini baxımından mühüm əhəmiyyətə malik
olduğunu vurğuladı:
“Laçının azad edilməsi ərazi
bütövlüyümüzün tam təmin edilməsi, erməni işğalına son qoyulması baxımından da
mühüm əhəmiyyətə malikdir. Çünki Laçın Ermənistan ordusunun nəzarətində qalan
sonuncu Azərbaycan ərazisi idi və 1 dekabr tarixindən etibarən bu torpaqlar da
ordumuzun nəzarətinə keçdi. Bununla da faktiki olaraq, Azərbaycanın ərazi
bütövlüyü təmin edildi.
Bu tarixi hadisə münasibəti
ilə xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı təbrik edir, bütün vətəndaşlarımıza
gözaydınlığı verirəm”.
Seymur ƏLİYEV