Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də xalqa müraciət edib. Müraciətində Azərbaycan ordusunun qəhrəmanlığına diqqət çəkən ölkə başçısı, 44 günlük müharibə ərzində Azərbaycan ordusunun bir dəfə də olsun geri addım atmadığını vurğulayıb:
“Mən
bilirəm ki, bu günlər ərzində mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizliklə
gözləyirdi. Çünki biz ilk günlərdən qələbə qazanmışdıq və bu 44 gün ərzində bir
gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə
belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir
gün də geri çəkilmədik. Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz
hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş
bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən
deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah
bütün şəhidlərimizə rəhmət eləsin!”
Azərbaycan ordusunun Vətən
Müharibəsi ərzində bir kəs belə olsun geri çəkilməməsi ordumuzun gücünün,
yenilməzliyinin bariz nümunəsi sayıla bilərmi?
Moderator.az-a açıqlama
verən millət vəkili Cavid Osmanov bu qənaəti bölüşdüyünü vurğuladı:
“Bu faktın özü Azərbaycan
ordusunun gücündən və yenilməzliyindən xəbər verir. 44 gün davam edən Vətən
Müharibəsində ordumuzun rəşadəti, qorxmazlığı, igidliyi, Şuşa kimi alınmaz
qalanı alması Azərbaycan ordusunun gücündən, qarşısıalınmazlığından xəbər
verir. Azərbaycanın qeyrətli, igid oğlanları 44 gün ərzində böyük, tarixi zəfərə
imza atıb.
Azərbaycan ordusu son bir
neçə ildir ki, dünyanın 50 ən güclü orduları sırasında yer alıb. Biz bu faktla
təbii ki, fəxr edirik. 44 gün davam edən döyüşlərdə 300-dən artıq yaşayış məntəqəsinin
azad edilməsinin özü çox böyük göstəricidir. Onu da unutmaq olmaz ki, 44 gün elə
də böyük vaxt deyil və azad edilən bu yaşayış məntəqələri 30 il ərzində ermənilər,
bu əraziyə kənardan gətirilən terrorçular tərəfindən möhkəmləndirilib, burada
möhkəmləndirilmiş istehkamlar yaradılıb. Bu yaşayış məntəqələrinin bir çoxunun
relyefi təbii istehkam xarakteri daşıyırdı və bu da hücum edən tərəf üçün əlavə
çətinlik demək idi. Lakin buna baxmayaraq, Ali Baş Komandanımızın qurduğu peşəkar
ordu bütün bu çətinliklərə baxmayaraq, işğaldakı əraziləri azad etdi. Ordumuzun
malik olduğu müasir hərbi texnika, silah-sursat, ən əsası əsgərlərimizin rəşadəti
və qorxmazlığı düşməni qısa müddətdə məğlub etməyə imkan verdi.
Unutmaq olmaz ki,
dünyanın ən inkişaf etmiş dövlətləri olan ABŞ, Qərb ölkələri belə 44 günlük bu
müharibəni “XXI əsrin müharibəsi” adlandırıb, bu müharibədə tətbiq edilən
taktikaların öyrənilməsinin zəruri olduğunu bildiirblər.
Biz bütün müharibələrdə
uğurlu hücum əməliyyatları ilə yanaşı, bəzi geriçəkilmələrə də şahid olmuşuq.
Demək olar ki, bütün müharibələrdə hücum edən tərəf cəbhənin hansısa istiqamətində
ciddi müqavimətə rast gələndə qüvvə toplamaq, yeni manevr və taktika sərgiləmək
üçün geri çəkilir. Bu, bütün müharibələrdə baş verib. Lakin 44 günlük Vətən Müharibəsində
ordumuz bir santimetr belə olsun arxaya çəkilmədi və 300-dən çox yaşayış məntəqəsini
azad etdi.
Ali Baş Komandanın uzun
illər ərzində Azərbaycanda güclü ordu formalaşdırmaq istiqamətində atdığı mütəmadi
addımlar nəhayətdə öz məntiqi nəticəsini verdi.
Bu gün heç bir qan tökmədən,
itki vermədən Laçın rayonu da düşmən işğalından azad edildi. Əlbəttə, Ermənistan
tərəfi bu addımı könüllü şəkildə atmadı. Düşmən Azərbaycan ordusunun qarşısında
davam gətirə bilmədiyi üçün məcburən Ağdamı, Kəlbəcəri, Laçını tərk etməli
oldu.
Laçının azad olunması
münasibəti ilə xalqımızı təbrik edirik. Müzəffər Ali Baş Komandanımıza öz təşəkkürümüzü
bildirir, cansağlığı arzulayırıq. Biz bu böyük, şanlı, qürurverici günlərə məhz
onun sayəsində, onun rəhbərliyi ilə şahidlik etdik.
Yaşasın müzəffər Ali Baş
Komandanımız. Yaşasın Azərbaycan. Yaşasın Azərbaycan xalqı. Qarabağ Azərbaycandır!”
Seymur ƏLİYEV