“Bu addım ölkə başçısının şəhid ailələrinə olan diqqət və qayğısının göstəricisidir”
Xəbər verdiyimiz kimi, Azərbaycan Banklar Assosiasiyası bəyanat yayıb. Bəyanatda ölkə başçısının tapşırığına əsasən Vətən Müharibəsində həlak olan bütün şəhidlərin bank borcunun tam həcmdə silindiyi qeyd olunur:
“Azərbaycan Banklar Assosiasiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan
Prezidentinin tapşırıqları və Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin
və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə
banklar yekdil olaraq müəyyən qərarlar qəbul edib. Belə ki, torpaqların azad
edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərin banklara olan istehlak
kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməsi,
düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara
olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə
silinməsi, hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan
kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr
2020-ci il tarixindən tam dayandırılması, torpaqların azad edilməsi uğrunda
döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək
haqqı miqdarında vəsait ödənilməsi, həmçinin torpaqların azad edilməsi uğrunda
döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında
birdəfəlik maddi yardım ödənilməsinə dair qərarlar qəbul edilib”.
Vətən uğrunda döyüşlərdə
həlak olan şəhidlərimizin bank borclarının silinməsi ölkə başçısının şəhid ailələrinə
növbəti diqqət və qayğısının təcəssümü hesab edilə bilərmi?
Moderator.az-a açıqlama
verən millət vəkili Məşhur Məmmədov, ölkə başçısının hər zaman şəhid ailələrinə
böyük diqqət yetirdiyini, onları maraqlandıran məsələlələrə xüsusi həssaslıqla
yanaşdığını qeyd etdi:
“Təbii ki, bu addım hər
şeydən öncə cənab prezidentin şəhidlərimizə olan hörmət və ehtiramının, şəhid
ailələrinə olan diqqət və qayğısının nəticəsidir. Hansı ki, biz bundan öncə də
ölkə başçısının şəhid ailələrinə daim diqqət göstərməsinin, onların sosial rifahının
yaxşılaşdırılması istiqamətində mühüm layihələrə imza atmasının şahidi olmuşuq.
Ümumiyyətlə, biz həm Vətən
Müharibəsi, həm də ondan sonrakı dönəmdə bütün cəmiyyətin, xalqın, ən müxtəlif
təşkilat və institutların, QHT-lərin dövlətlə ciddi həmrəylik sərgiləməsinə
şahid olduq. Məhz xalq-dövlət birliyi düşmən üzərində qısa zamanda qələbə əldə
etməyə imkan verdi. Yəni hər kəs bir nəfər kimi eyni nöqtəyə vurdu, eyni amal
uğrunda mübarizə apardı.
Şəhidlərin bank
borclarının tam həcmdə silinməsi olduqca təqdirəlayiq bir addımdır. Bununla
yanaşı əminəm ki, biz yaxın gələcəkdə sosial həyatın bütün sahə və sferalarında
şəhid ailələri ilə bağlı yeni-yeni mütərəqqi addım və yeniliklərə şahid
olacağıq. Dövlətimizin gördüyü və görəcəyi tədbirlər sayəsində şəhid ailələrinin
sosial rifahı daha da yüksələcək, onların sosial təminatı ən yüksək səviyədə təmin
ediləcək.
Bütün vətəndaşlarımızın,
xüsusilə də şəhid ailələrinin sosial təminatının mütəmadi surətdə yüksəldilməsi dövlətimizin hər zaman diqqət mərkəzində
saxladığı əsas məsələlərdən biridir və bu qayğı hər bir vətəndaşımız tərəfindən
hiss edilməkdədir. Və heç şübhəsiz, biz buna görə xalqımızın rifahı üçün gecə-gündüz
böyük əmək sərf edən cənab prezidentimizə minnətdarıq”.
Seymur ƏLİYEV









