“8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır”
Ölkə başçısının 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı verdiyi sərəncamlar cəmiyyətdə böyük məmnunluq və qürur hissi ilə qarşılanıb.
Moderator.az-a
açıqlamasında məlum sərəncaçmlara münasibət bildirən millət vəkili Siyavuş
Novruzov, hər iki sərəncamın mühüm tarixi əhəmiyyətə malik olduğunu qeyd edib:
“Ali Baş Komandanın rəhbərliyi
altında Azərbaycan ordusu çox böyük bir qələbəyə imza atdı. Azərbaycanın uzun
illərdir ki, pozulan ərazi bütövlüyü təmin edildi. Artıq düşmənlə hərbi müstəvidə
müharibə başa çatıb. Diplomatik, informasiya və s. sferalarda isə mübarizəmiz
davam edir. Qarşıda bizi işğaldan azad edilən ərazilərdə geniş
tikinti-quruculuq işləri gözləyir. Hansı ki, cənab prezidentin bununla bağlı
bir sıra qərar və göstərişləri mövcuddur.
Yaralı hərbçilərimizin
reabilitasiyası, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, onların mənzil-məişət
şəraitinin daha da yaxşılaşdırılması və s. ilə bağlı kompleks proqramlar
mövcuddur. Hansı ki, bu proqramların, bu addımların hər biri hər bir vətəndaşda
böyük məmnunluq, vətənpərvərlik duyğusu oyadır.
90-cı illərdə bu sahədə
necə bir vəziyyətin hökm sürdüyü hər kəsə məlumdur. Həmin dövrdə nə şəhidlərlə
bağlı dəqiq qeydiyyat sistemi var idi, nə şəhid ailələrinin sosial təminatının
yaxşılaşdırılması istiqamətində ciddi adımlar atılmırdı. 1993-cü ilə qədər – Ümummilli
lider hakimiyyətə qayıdana qədər biz bu mənzərənin şahidi olduq.
Ümummilli lider hakimiyyətə
gələndən sonra vəziyyət də dəyişdi. Şəhid ailələrinə dövlət tərəfindən yüksək səviyyədə
diqqət və qayğı göstərilməyə başladı. Bu ənənə bu gün də davam edir. Bu gün hər bir vətəndaşımız bilir
ki, onun arxasında dövlət, ölkə başçısı, I vitse-prezident durur. Yadınızdadırsa,
yaralı hərbçilərimizlə ölkə başçısının görüşü zamanı vurğulandı ki, I
vitse-prezident tərəfindən ölkəmizə yeni
protezlər, tibbi avadanlıqlar gətirilib. Hansı ki, bunların hamısı yüksək
texnologiyalar əsasında istehsal edilib. Təbii ki, biz istəməzdik ki, hansısa vətəndaşımızın
bu tibbi avadanlıqlara ehtiyacı yaransın, yaxud kimsə şəhid olsun. Lakin müharibənin
də öz qanunları mövcuddur.
Ölkə başçısının sərəncamlarından
biri 8 noyabrla – Azərbaycan ordusunun qələbəsi ilə bağlıdır. Bu qələbə 200
illik erməni təxribatlarına verilən ən layiqli cavabdır. Son 200 ildə ermənilər
tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror
aktları, cinayətlər həyata keçirilib. Uşaq, qadın demədən xalqımıza qarşı
soyqırım gerçəkləşdirilib. Xocalı soyqırımı buna nümunədir. Lakin bu 200 ilin
yekununda ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə elə bir zərbə
vurdu ki, son 200 ilin qisasını düşməndən aldı. Ermənistan məcburiyyət
qarşısında kapitulyasiyaya imza atmağa məcbur oldu. Hansı ki, biz II Dünya
Müharibəsindən bu günə qədər belə bir kapitulyasiyaya şahid olmamışıq.
Biz son 200 ildə
xalqımızın başına gətirilən müsibətlərə şanlı qələbəmizlə cavab verdik, düşməni
diz çökməyə məcbur etdik. Buna görə də 8 noyabr tarixi çox böyük bayramdır və hər
zaman böyük qürur və sevinc hissi ilə qeyd ediləcək”.
Seymur ƏLİYEV









