“Zəfər muzeyinin yaradılması ordumuzun qələbəsinin əbədiləşdirilməsi baxımından son dərəcə önəmlidir”
Xəbər verdiyimiz kimi, ölkə başçısı Zəfər muzeyinin yaradılması ilə bağlı sərəncam imzalayıb.
Moderator.az-a
açıqlamasında bu tarixi sərəncama münasibət bildirən Türk dünyasının qəhrəmanı, I və II Qarabağ müharibələrinin iştirakçısı İbad Hüseynov, ölkə
başçısının məlum qərarının bir çox aspektdən mühüm əhəmiyyətə malik olduğunu
qeyd edib:
“Təbii ki, ölkə
başçısının bütün sərəncamları kimi, Zəfər muzeyinin yaradılması ilə bağlı
imzaladığı sərəncam da mühüm əhəmiyyətə malikdir. Azərbaycan ordusu Ali Baş
Komandanın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində çox böyük qəhrəmanlıqlar
göstərdi, işğaldakı torpaqları qısa zamanda azad etdi. Azərbaycan ordusunun həmləsi
nəticəsində düşmən ordusu darmadağın edildi və kapitulyasiya ilə bağlı sənədi
imzalamağa məcbur oldu. Odur ki, bu böyük, tarixi qələbənin əbədiləşdirilməsi
baxımından Zəfər muzeyinin yaradılması olduqca vacib və təqdirəlayiqdir. Ordumuzun
qazandığı bu böyük zəfərin əbədiləşdiriməsi, tarixin yaddaşına həkk edilməsi, gənc
nəsilə təbliğ edilməsi son dərəcə önəmlidir. Çünki bu zəfər son 200 ildə ermənilərin
xalqımıza qarşı törətdiyi terror və təxribatlara ən layiqli cavabdır. Azərbaycan
8 noyabr zəfəri ilə ermənilərin 200 illik təxribatının qisasını aldı, düşməni
diz çökdürməyə qadir olduğunu döyüş meydanında sübut etdi. Çox yaxşı olardı ki,
gələcək nəsillər də ordumuzun bu böyük qəhrəmanlığından, əldə etdiyi tarixi zəfərdən
məlumatlı olsunlar, bu şərəfli tarixi öyrənsinlər və bilsinlər ki, xalqımız
yenilməz xalqdır və özünü, öz ərazi bütövlüyünü qorumağa qadirdir. Bu baxımdan
Zəfər muzeyinin yaradılması ilə bağlı ölkə başçısının məlum sərəncamını
alqışlayır və bunu tarixi aspektdən də mühüm əhəmiyyət kəsb edən bir addım
hesab edirəm. Hesab edirəm ki, Zəfər muzeyi gələcək nəsillərin Vətən Müharibəsi
və bu müharibə zamanı göstərilən igidliklər haqqında məlumatlandırılmasında, milli-tarixi
yaddaşın yaşadılmasında və təbliğində mühüm rol oynayacaq, eyni zamanda,
müharibə iştirakçılarının xatirəsinə hörmət və ehtiram nümunəsi kimi hər zaman
sevgi və iftixar hissi ilə ziyarət ediləcək. Bu, yeni nəsillərin vətənpərvərlik
tərbiyəsinə də öz müsbət təsirini göstərəcək”.
Seymur ƏLİYEV









