Ermənistanın ikinci prezidenti Robert Köçaryan ölkəsinin 44 günlük müharibədə məğlub olmasının səbəblərini şərh edib. Sabiq prezident bildirib ki, müharibədə ölkəsinin məğlub olmasının əsas səbəblərindən biri guya Paşinyanın köhnə, I Qarabağ Müharibəsində iştirak edən təcrübəli generalları hərbi əməliyyatlara yaxın buraxmaması olub.
Doğrudanmı I Qarabağ müharibəsində iştirak edən erməni generallarının müharibədə iştirakı Ermənistan ordusunu acınacaqlı məğlubiyyətlərdən xilas edə bilərdi? Yoxsa bu, düşmənin sadəcə çoxsaylı bəhanələrindən biridir?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu yanaşmanın tamamilə məntiqsiz və gülünc olduğunu vurğuladı:
“Köçaryan qələt edir bu fikri deyir. I Qarabağ savaşında müharibəni udan erməni yox, rus generalları, mənfur Yeltsinin ətrafı oldu. Onlar Kremlin dəlizlərində, pulla, hiylə ilə, fitnə ilə kimi lazımdırsa ələ aldılar. Nəticədə, rus hərbçilərinin Qarabağda vuruşmasına nail oldular. 366-cı alayı yada salmaq kifayətdir. Rus desant qrupları da orada işləyirdi. Goranboy batalyonunu mühasirəyə kim saldı? Onları mühasirəyə rusların desant qrupları salmışdı. Bəzi soydaşlarımız şəhid edildi, bəziləri əsir götürüldü. I Qarabağ müharibəsində Azərbaycanın uğursuzluqlarının səbəbi bu idi ki, rus generalalrı, rus hərbçiləri erməni əsgərlərinin önündə gedirdi. Bizimlə onlar vuruşurdu. Əgər ermənilərin hünərləri var idisə, bu dəfə də gələrdilər də, niyə gəlmədilər? Niyə indi Ermənistan Rusiyadan inciklidir? Çünki Putinin xətti Yeltsinin xəttindən köklü şəkildə fərqlənir. Putin açıq bəyan etdi ki, müharibə Azərbaycan ərazisində gedir və prosesə müdaxilə edə bilməz. Buna görə də Ermənistan Rusiyadan inciklidir. Deməli, 90-cı illərin əvvəllərində Rusiya Ermənistana kömək edəndə yaxşı idi. İndi isə Ermənistanı başlı-başına buraxdı, “get özün vuruş” dedi və Ermənistan da məğlub oldu. Buna görə də Rusiya Ermənistan üçün pis oldu.
Köçaryanın Ermənistanın məğlubiyyətinin səbəbini köhnə erməni generallarının müharibədə iştirak etməməsi ilə əlaqələndirməsi absurddur və bunu deməklə dədəsi ilə bir yerdə qələt edir, ağ yalan danışır. Ermənistan qəbirdəki generallarını da xortlatsaydı, yenə də ordumuzun qarşısında davam gətirə bilməyəcəkdi.
I Qarabağ Müharibəsində belə rus amili olmasaydı, Azərbaycan hətta o zaman da ermənilərin dərsini verə bilərdi. Biz o zaman 11 mindən artıq şəhid verdik. Insanlarımız o vaxt da öz vətənləri uğrunda həvəslə döyüşə qatılırdı. Onlar şəhid olmağa hazır idilər.
Indi isə Yeltsin dövrü deyil, Putin dövrüdür. Azərbaycanla Rusiyanın münasibətlərində köklü dəyişikliklər baş verib. Biz sözümüzü dedik, Ermənistanı yerində otuzdurduq. Bundan sonra nə vaxt baş qaldırsalar, yenə də başlarını əzəcəyik”.
Seymur ƏLİYEV