Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.
Maraqlıdır, ermənilərin
müharibə cinayətlərinin ifşa edilməsi, mülki insanlara qarşı həyata keçirilən
terror siyasətinin ifşası baxımından Vətən Müharibəsi zamanı mülki insanların qətlə
yetirilməsi faktının beynəlxalq aləmin diqqətinə çatdırılması, bu yöndəki səylərin
davam etdirilməsi nə dərəcədə zəruridir?
Moderator.az-a açıqlama
verən millət vəkili Asim Mollazadə, erməni cinayətlərinin ifşası istiqamətində
mütəmadi addımlar atmağın önəminə diqqət çəkdi:
“Biz ermənilərin törətdiyi
cinayətlərin ifşa edilməsi, onların buna görə məsuliyyətə cəlb olunması istqiamətində
səylərimizi davam etdirməliyik. Biz çalışmalıyıq ki, xalqımıza qarşı cinayət
törədənlər beynəlxalq məhkəmə qarşısında cavab versinlər.
Ermənilər xalqımıza qarşı
yalnız 44 günlük Vətən Müharibəsində cinayət törətməyib. Onlar həm də 90-cı illərin
əvvəllərində Azərbaycana qarşı çox böyük cinayətlər törədiblər və təəssüflər
olsun ki, insanlarımıza qarşı bu cinayəti törədənlər hələ də məsuliyyətə cəlb
olunmayıb. Təcrübə isə göstərir ki, cinayətkar cəzasını almayanda, öz cinayətlərini
davam etdirir. Biz bunu Ermənistanın timsalında dəfələrlə görmüşük.
Bu baxımdan Ermənistanın
törətdiyi cinayətləri ifşa etmək istiqamətində bundan sonra da ciddi addımlar
atılmalıdır. Çalışmalıyıq ki, cinayətkarlar etdikləri əməllərə görə beynəlxalq
tribunal qarşısında cavab versinlər”.
Seymur ƏLİYEV