Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi şanlı qələbə münasibəti ilə dekabrın 10-da Azadlıq Meydanında hərbi parad keçiiləcək. Paradda düşməndən alınan bəzi hərbi qənimətlərin də nümayiş olunacağı gözlənilir.
Moderator.az-a açıqlamasında 10 dekabr paradının önəminə diqqət çəkən millət vəkili Musa Urud, məlum paradın bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“10 dekabrda hərbi paradın keçirilməsi özlüyündə çox böyük tarixi hadisədir. 44 günlük Vətən Müharibəsi, bu müharibədə əldə edilən qələbə münasibəti ilə təsis edilən Zəfər Günü, habelə, bununla bağlı keçirilən parad sadəcə Azərbaycan tarixi baxımından deyil, ümumilikdə bölgənin tarixi baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan ordusunun şanlı zəfərindən sonra bölgənin tarixində və taleyində mahiyyət etibari ilə yeni bir dönəm, yeni bir mərhələ başlamış oldu. Azərbaycan regionda birmənalı şəkildə söz sahibinə çevrildi, həmçinin, bölgədə sülhün, sabitliyin, əməkdaşlığın inkişafı üçün əlverişli şərait yarandı.
Azərbaycan ordusu Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlarla dünyanın ən qabaqcıl ordularından biri olduğunu sübut etdi. Hesab edirəm ki, bundan uzun illər sonra da heç kim cəsarət edib Azərbaycanın ərazi bütövlüyünə xor baxa bilməyəcək. Çünki hər kəs Azərbaycan ordusunun gücünü gördü. Cənab prezidentin dediyi kimi, işğalçı Ermənistan Azərbaycanın dəmir yumruğunu öz başında hiss edəndən sonra nə qədər böyük bir səhvə yol verdiyini anladı.
10 dekabr paradının çox böyük mənəvi-tərbiyəvi əhəmiyyəti də mövcuddur. Bu, gənc nəsillər üçün çox böyük bir tarixdir. Hesab edirəm ki, bu paradın keçirilməsi ilə biz həm qələbə əzmimizi, həm də apardığımız müharibənin ədalətli, müqəddəs bir müharibə olduğunu bir kəs daha dünyanın diqqətinə çatdıracağıq. Odur ki, 10 dekabrda keçiriləcək paradı Azərbaycan tarixinin ən şərəfli günlərindən biri hesab edirəm”.
Seymur ƏLİYEV