“Gənclərimizin Vətən Müharibəsinin mahiyyətini, enerjisini hiss etməsində şeirin rolu böyükdür”
Son vaxtlar Vətən Müharibəsi ilə bağlı bir sıra müsabiqələr elan edililməkdədir ki, bu müsabiqələrdə bir sıra nominasiyalarla yanaşı, şeir nominasiyası da mövcuddur.
Maraqlıdır, Vətən Müharibəsi
ilə bağlı şeir nominasiyasında müsabiqələrin təşkili həm gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsi, həm də müharibədə göstərilən qəhrəmanlıqların ədəbiyyatda öz
əksini tapması baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama
verən millət vəkili Nizami Cəfərov, bu kimi təşəbbüslərin təqdirəlayiq olduğunu
vurğuladı:
“Bizim uşaqlarımız əzəldən
dünyanı, tarixi, hadisələri şeirlə dərk etməyə öyrəniblər. Onların Vətən
Müharibəsinin mahiyyətini, enerjisini hiss etmələrində şeirin rolu böyükdür. Bizim
uşaqlarımız vətənlə bağlı, müharibə ilə bağlı şeir deyəndə əllərində bayraqlar
tutur, bu şeirləri böyük sevgi ilə səsləndirirlər. Bu baxımdan Vətən Müharibəsi
ilə bağlı şeirlərin yazılması, səsləndirilməsi faydalıdır. Lakin bir şərtlə ki,
ərsəyə gətirilən şeirlər səviyyəli şeirlər olsun. Bu şeirlərdə təkrarçılıq, təqlidçilik,
eyniyyət olmasın. Orijinal şeirlər olsun.
Bu cür müsabiqələrdə həm
şairlərdən, həm də tələffüz, səsləndirmə ilə bağlı mütəxəssislərdən ibarət
münsiflər heyətinin olması arzuediləndir.
Bir sözlə, Vətən Müharibəsi
ilə bağlı həqiqətlərin, əldə edilən qələbənin mahiyyət və əzəmətinin müsabiqələr
vasitəsi ilə gənc nəslə dərk etdirilməsi son dərəcə önəmli və əhəmiyyətlidir”.
Seymur ƏLİYEV








