Öz ordusunun qiymətini bilməyən xalqın başqa orduların qarşısında aciz qalacağı şübhəsizdir. Yeni hökumətdə müdafiə naziri postunu Zakir Həsənovun tutması seçkidən sonra Azərbaycan siyasi arenasının ən çox müzakirə olunan mövzu oldu. Deməli, Azərbaycan vətəndaşı ordunun nə demək olduğunu anlayır. Bu reallıq həm ordunun önəmini, həm də ordunun qarşısında duran problemin önəmini sübut edir.
Sözsüz ki, Zakir Həsənovun nazir təyin olunmasından sonra boşboğazlıq, məddahlıq elementləri də müşahidə olunur. Səfər Əbiyevin nazir olduğu dövrdə ağzına su alıb dayanan, neqativ halları söyləyənləri isə “xalq düşməni” hesab edənlər hələ də cəmiyyətdə dominantdır. Bu dominantlığın qarşısını yalnız yeni nazirin fəaliyyəti ala bilər. Bəs Zakir Həsənov ilk növbədə Silahlı Qüvvələrdə mövcud olan hansı problemləri həll etməlidir və niyə?
Zakir Həsənov ilk növbədə kiçik və orta komandir heyətinin inamını qazanmalıdır.Bunun üçün o, kiçik və orta komandir heyətini “öz imkanları” hesabına xırda təmir-tikinti işlərini görməkdən azad etməlidir. Onların mənzil şəraitinin yaxşılaşdırmaq üçün əməli işlər görüləcəyinə inam yaratmalıdır.
Bu problemlərin həlli əsgərlərin durumuna birbaşa təsir edəcək. Çünki əsgərlər məhz kiçik və orta komandir heyəti ilə təmasdadır.
Əsgərlərə münasibətin dəyişməsi isə birbaşa cəmiyyətə sirayət edəcək. Və cəmiyyətdə Silahlı Qüvvələrə inamı artıracaq. Valideyn oğlunu Daxili Qoşun və ya Sərhəd Qoşunlarına göndərmək üçün müxtəlif vasitələr axtarmayacaq.
Silahlı Qüvvələrə vətəndaşlar arasında güvənin artması orduda siyasi təbəqələşmənin qarşısını alacaq. Daha Silahlı Qüvvələr kasıb balaları üçün, Daxili və Sərhəd Qoşunları isə bir az imkanı olanlar üçün olmayacaq.
Kiçik və orta zabit heyətinin durumunda olan dəyişiklik son illərin daha bir problemini həll edəcək. Artıq sirr deyil ki, 2007-ci ildən bəri Heydər Əliyev adına Ali Hərbi Məktəblərə qəbul planı dolmur. Bu biabırçılıqdan sabiq nazir Səfər Əbiyev özünəməxsus “çıxış yolu” tapmışdı. “Hər kim 100 bal toplayıbsa, Ali Hərbi Məktəbə qəbul olunmaq üçün müraciət edə bilər” deməklə. Test imtahanında 100 baş toplayan şəxsin intellektual səviyyəsi barədə çox danışmaq istəmirəm. Amma ordunun zabit heyətini 100 ballıq gənclərdən formalaşdırmaq çox böyük cinayət idi. Zabitlərin yuxarıda göstərilən probleminin həlli Ali Hərbi Məktəblərə meylliyi artıra bilər.
Əlbəttə, bütün bu proseslərlə yanaşı, digər islahatların da aparılması, kadrların yeniləşməsi vacibdir. Və məsələnin ən mühüm cəhəti bütün bu proseslərin Ermənistan hökuməti və Ermənistanın vətəndaş cəmiyyəti tərəfindən izlənməsidir.
Bu günə qədər həm rəsmi İrəvan, həmdə Ermənistanın vətəndaş cəmiyyətinin təmsilçiləri Azərbaycan Ordusundakı neqativ halları qabartmaqla uğurlu daxili təbliğat qururdular. Arqument isə çox sadə idi: “Azərbaycan ordusunda başıpozuqluqdur. Belə ordu ilə Azərbaycan hökuməti müharibəyə risk edə bilməz”.
Sadə erməni bu təbliğatı və Azərbaycan KİV-lərindəki materialları analiz edib nəticə çıxarırdı. Və təbii ki, bu nəticə Ermənistan üçün sərfəli idi.
İndi yeni müdafiə naziri Zakir Həsənovun fəaliyyəti həm Ermənistan hökuməti, həm də sadə erməni tərəfindən diqqətlə izlənir. Əgər Azərbaycan Silahlı Qüvvələrində sözün həqiqi mənasında yaxşılığa doğru dəyişiklik müşahidə olunsa, sadə erməni bundan nəticə çıxaracaq. Və bu nəticə təkcə müdafiə naziri general-polkovnik Zakir Həsənovun yox, bütünlükdə Azərbaycanın xeyrinə olacaq.
Buyur, general, meydan sənindir.