“Gənclərimizi, gələcək nəsilləri vətən və torpaq sevgisi ilə böyütməliyik”
Sentyabrın 27-də başlayan və 44 gündən sonra Azərbaycan ordusunun şanlı qalibiyyəti ilə başa çatan Vətən Müharibəsinin ölkəmizin qəhrəmanlıq tarixində müstəsna yer tutduğu birmənalıdır. Odur ki, bu tarixin orta məktəb dərsliklərində də öz əksini tapması günümüzün ən vacib, zəruri məsələlərdən biri kimi qarşıda dururdu. Sevindiricidir ki, Təhsil Nazirliyi dərsliklərdə mühüm yeniliklər həyata keçiriləcəyini, Vətən Müharibəsi qəhrəmanlarının tanıdılacağını bildirib.
Vətən Müharibəsi ilə
bağlı həqiqətlərin dərsliklərdə yer alması, müharibə qəhrəmanlarımızın məktəblilərə
tanıdılması tariximizin təbliği, yeniyetmələrin vətənpərvəlik ruhunda tərbiyəsi
baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama
verən millət vəkili Məşhur Məmmədov Təhsil Nazirliyinin məlum addımını
alqışladığını bildirib:
“Vətən Müharibəsi hər
şeydən öncə bizim qəhrəmanlıq tariximizdir. Bu tarixin kitablarımızda – istər dərsliklərdə,
istər də qeyri-dəsrliklərdə öz əksini tapması, ən müxtəlif üsul və vasitələrlə
yaşadılması və təbliğ edilməsi olduqca vacibdir.
Bu bir həqiqətdir ki,
bizim bu günə qədər başımıza gələn müsibətlərin əsas səbəblərindən biri unutqanlığımız
olub. Bu səbəbdən də çalışmalıyıq ki, gənc nəsil Azərbaycanın tarixi torpaqları,
ərazi bütövlüyü, bu ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçən qəhrəmanlar
haqqında dolğun məlumata sahib olsun. Biz gənclərimizi, gələcək nəsilləri vətən
və torpaq sevgisi ilə böyütməliyik. Biz onları elə tərbiyə etməliyik ki, onlar
Azərbaycan uğrunda hər cür fədakarlığa hazır olsunlar. Bu gün biz bunu eləməsək,
bugünkü tarixi unutsaq, o zaman bəlli bir müddətdən sonra yenə oxşar problemlərlə,
oxşar faciələrlə qarşılaşa bilərik. Bu baxımdan Təhsil Nazirliyinin məlum qərarını
təqdir edir və alqışlayıram.
Vətən Müharibəsi və bu
müharibənin qəhrəmanları haqqında həm dərsliklərdə, həm təbliğat materiallarında,
həm muzeylərdə, həm bədii əsərlərdə, həm publisistikada ətraflı məlumatlar yer
almalıdır. Vətən Müharibəsi və bu müharibədə qalibiyyətimizi təmin edən qəhrəmanları,
onların fədakarlığını unutmağa mənəvi haqqımız yoxdur. Əgər unudarıqsa, zaman
bizi bağışlamaz. Odur ki, dərsliklərdə Vətən Müharibəsi qəhrəmanları ilə bağlı
məlumatlar nə qədər tez yerləşdirilsə, bu iş nə qədər operativ təşkil edilsə, o
qədər yaxşı olar.
Bunu da qeyd edim ki, Vətən
Müharibəsinin şəhid qəhrəmanları ilə yanaşı, müharibəni qazi olaraq başa vuran
qəhrəmanları da çoxdur. Bu qəhrəmanları auditoriyalara dəvət etmək, bu canlı qəhrəmanlarla
şagirdlərin, tələbələrin görüşünü təşkil etmək də olduqca faydalı olar. Bu cür
görüşlər gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından böyük əhəmiyyət kəsb
edər, onların fikir və düşüncəsinə, baxış tərzinə müsbət mənada ciddi təsir
göstərər”.
Seymur ƏLİYEV









