Ombudsmanın Gəncə Regional Mərkəzi “Məişət zorakılığı ilə mübarizə” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirib
Moderator.az xəbər verir ki, Ombudsmanın Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə “Məişət zorakılığı ilə mübarizə” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin, Gənclər və idman idarəsinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları, həmçinin QHT nümayəndələri və gənclər aktiv iştirak ediblər.
Ombudsmanın
Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək iştirakçıları Ombudsman Səbinə
Əliyevanın adından salamlayıb və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində əldə etdiyi parlaq qələbə
münasibətilə təbrik edib.
S.Abbasov
bütün dünyada bir sıra sahələrdə əsaslı çətinliklər yaradan koronavirus
pandemiyasının ailədaxili münaqişələrin, məişət zorakılığı hallarının da
artmasına səbəb olduğunu bildirib. Son illərdə Azərbaycan Respublikasında həyata keçirilən təsirli
tədbirlərə baxmayaraq, məişət zorakılığı dünyanın bir çox
ölkələrində olduğu kimi ölkəmizdə də problem olaraq qalmaqdadır. Qeyd edilib ki, məişət zorakılığının qarşısının alınması
istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı
tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz
və hərtərəfli yardım göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun
müvafiq infrastrukturun yaradılması, məişət zorakılığı ilə mübarizə sahəsində
dövlət orqanlarının potensialının artırılması, QHT-lərin dəstəklənməsi
istiqamətində uzunmüddətli və kompleks yanaşma tələb olunur. Bu baxımdan Azərbaycan
Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair
2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın qeyd olunan məqsədlərə nail
olmaq üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbirdə Ombudsman təsisatının məişət zorakılığına qarşı mübarizə sahəsində
həyata keçirdiyi çoxşaxəli fəaliyyət, 916 Çağrı Mərkəzi haqqında məlumat
verilib. Vurğulanıb ki, Ombudsman təsisatı tərəfindən məişət zorakılığının
qarşısının alınması və bu barədə məlumatlılığın artırılması məqsədilə müntəzəm
olaraq hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi əhalinin hüquq
düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, dövlət qurumların
işinin səmərəliliyinin artırılmasına müsbət töhfə verir.
S.Abbasov
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun
müddəaları barədə iştirakçılara ətraflı məlumat verib. Habelə məişət zorakılığına
qarşı mübarizə və gender bərabərliyinin müxtəlif aspektləri ilə bağlı dair bir
sıra digər sənədlərdə, o cümlədən “Azərbaycan
gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda və “Uşaqların
doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər
Planı”nda da mühüm vəzifələrin təsbit edildiyi nəzərə çatdırılıb.
Tədbirdə çıxış edən Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı Qədir
Bağırov məişət zorakılığı ilə mübarizə istiqamətində maarifləndirmə işinin əhəmiyyətini
qeyd edərək, Gədəbəy rayonunda məişət zorakılığı ilə mübarizə istiqamətində fəaliyyət
barədə ətraflı məlumat verib.
Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Pərviz Bayramov, Gədəbəy rayon Gənclər və
idman idarəsinin əməkdaşı Aliq Bağırov və Dünya Gənc Türk Yazarlar Birliyinin idarə
heyətinin sədri, Prezident mükafatçısı İntiqam Yaşar çıxış edərək, məişət
zorakılığına qarşı mübarizə istiqamətində bir sıra praktiki təkliflər (regionlarda
maarifləndirici görüşlərin genişlənməsi, orta məktəblərdə təbliğat, yazı-inşa
müsabiqələrinin və sərgilərin təşkili və.s) irəli sürüblər.
Aktiv müzakirələrlə davam edən tədbirdə gənclər tərəfindən verilmiş suallar ətraflı cavablandırılıb.









