Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinə səfər edib. Səfər əsnasında daha Üzeyir Hacıbəyovun, Bülbülün, Xurşidbanu Natəvanın “güllələnmiş heykəlləri” də Şuşaya gətirilib, öz əzəli məkanında yerləşdirilib. Şuşadakı tarixi binaları ziyarət edən ölkə başçısı, Şuşanın və bütövlükdə Qarabağın gələcəyi ilə bağlı mühüm mesajlar səsləndirib.
Moderator.az-a açıqlamasında ölkə başçısının Şuşa səfərini şərh edən millət vəkili Musa Urud, bu səfərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Bu gün Azərbaycan Respublikasının prezidenti, o cümlədən I vitse-prezident Şuşanı ziyarət etdi. Cənab prezident səfər əsnasında bizim qədim mədəniyyət mərkəzimizdə müqəddəs yerlərə - Şuşa məscidinə, Vaqifin məqbərəsinə, Bülbülün ev muzeyinin qalıqları olan həyətə baş çəkdi. Cənab prezident həmçinin, Cıdır düzünə getdi, xalqa müraciət ünvanladı.
Ölkə başçısının Şuşa səfəri, məlum səfər əsnasında “güllələnmiş heykəllər”in Şuşaya qaytarılması tarixi ədalətin bərpası demək idi. Cənab prezidentin söylədiyi kimi, biz artıq Şuşaya qayıtdıq və Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik. Ermənilər tərəfindən güllələnmiş heykəllərin - sadəcə Azərbaycan mədəniyyətinə deyil, ümumilikdə dünya mədəniyyətinə böyük töhfələr verən Üzeyir bəyin, Bülbülün büstlərinin Şuşaya qaytarılması çox böyük tarixi-mədəni bir hadisədir.
Cənab prezident Şuşadan bütün dünyaya bəyan etdi ki, biz Şuşanı dirçəldəcəyik, onu bərpa edəcəyik. Onu dünyanın incisinə çevirəcəyik.
Bu səfərin həm böyük tarixi, həm siyasi, həm də mənəvi əhəmiyyəti var. Biz Şuşaya artıq həsrətlə baxmırıq. Ölkə başçısı bildirdi ki, biz Şuşaya daha rahat gedib-gələcəyik.
Cənab prezidentin gecəni Şuşada qalmasının da böyük rəmzi mənası var. Azərbaycanın Ali Baş Komandanının, Azərbaycan xalqının liderinin Şuşada qalması, səhər günəşi məhz Şuşadan salamlaması tariximizə, mədəniyyətimizə, Şuşa uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımıza olan sevgi və ehtiramın təzahürüdür.
Cənab prezident Şuşada ciddi siyasi əhəmiyyət daşıyan mesajlar da verdi, yaxın tarixdəki bir sıra olaylara diqqət çəkdi. Müstəqilliyimizin ilk illərində AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti, Şuşa kimi gözəl bir şəhərin yaramaz insanlar tərəfindən ermənilərə təslim edilməsi acı bir tarixdir. Bu tarixi gərək heç vaxt unutmayaq.
Cənab prezidentin səsləndirdiyi fikirlərdən biri də bu oldu ki, lideri güclü olan xalq həmşə qalib xalqdır. Lideri öz xalqına güvənən xalq hər zaman qalibdir. Xalqda nə qədər birlik, həmrəylik olarsa, xalq bir o qədər yenilməz olar. Ölkə başçısı vurğuladı ki, “dəmir yumruq” həm birliyimizin, həm də gücümüzün rəmzidir.
Bir sözlə, ölkə başçısının Şuşa səfəri bizim qədim mədəniyyət mərkəzimizə qayıdışımızın fərəhli başlanğıcıdır”.
Seymur ƏLİYEV