Xəbər verdiyimiz kimi,Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2020-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib.
Moderator.az-a açıqlamasında məlum məsələyə toxunan millət vəkili Elman Məmmədov, artıq hər şeyin Avropa Məhkəməsinin ədalətindən asılı olduğunu bildirib:
“Azərbaycanın Ermənistanı törətdiyi cinayətlərə, 30 ildən çox müddətdə xalqımıza vurduğu ziyanlara görə Avropa Məhkəməsinə verməsi olduqca vacib idi və dövlətimiz bunu etdi. Təbii ki, Avropa Məhkəməsi ciddi əsası olmayan sənədləri qəbul etmir. Çox sağ olsun dövlətimizin hüquq-mühafiuzə orqanları, əlaqədar qurumları ki, cənab prezidentimizin tapşırığı ilə Avropa Məhkəməsinə çox mükəmməl sənədlər təqdim edib.
Şübhəsiz, Ermənistan törətdiyi cinayətlərə görə cavab verməli, təzminat ödəməlidir. Azərbaycan tərəfi Ermənistanı Avropa Məhkəməsinə verdi. Bəs bu müraciətin nəticəsi nə olacaq? Bax bu, Avropa Məhkəməsinin yanaşmasından asılıdır. Əgər Avropa Məhkəməsi həqiqətən də sözdə deyildiyi kimi, əməldə də ədalətlidirsə, doğrudan da haqlı tərəfi müdafiə edirsə, o zaman Azərbaycanın şikayəti təmin edilməli, cinayət törədən tərəf cəzalanmalıdır.
Bu günə qədər Avropanın bir sıra qurumları bir sıra məsələlərdə, xüsusilə də Azərbaycan-Ermənistan qarşıdurmasında ikili standartlardan çıxış ediblər. Ümid edək ki, bu dəfə belə olmayacaq, Avropa Məhkəməsi ədalətli qərar verərək cinayətkarı cəzalandıracaqdır”.
Seymur ƏLİYEV