Xəbər verdiyimiz kimi, Respublika Veteranlar Təşkilatının Rəuasət Heyətinin bir neçə gün öncə baş tutan toplantısında İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova təşkilatın yeni sədri seçilib.
Moderator.az-a açıqlamasında ona göstərilən etimada görə veteranlıar aöz təşəkkürünü bildirən Fatma Səttarova, Respublika Veteranlar Təşkilatının qarşıdakı fəaliyyət planlarına da toxunub:
“Öncə mənə göstərdikləri etimada görə Rəyasət Heyətinin üzvlərinə, bütün veteranlarımıza öz təşəkkürümü bildirirəm. Prezidentin köməkçisi Hikmət Hacıyevin bizim toplantımızda iştirak etməsi, dəyərli tövsiyyələrlə çıxış etməsi də bizim üçün olduqca qürurverici bir hal oldu.
Respublika Veteranlar Təşkilatı olaraq qarşısımızda böyük vəzifələr dayanır. Bu vəzifələr sırasına veteranlarla əlaqələri intensivləşdirmək, fəaliyyətimizi günün tələbləri səviyyəsində yenidən – daha effektiv şəkildə qurmaq, ölkəmizin ictimai-siyasi həyatında daha aktiv iştirak etmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək və s. daxildir.
Bildiyiniz kimi, 44 günlük Vətən Müharibəsi nəticəsində qəhrəman Azərbaycan ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldakı torpaqlarımızı erməni işğalından azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Hərbçilərimiz Vətən Müharibəsində böyük qəhrəmanlıqlara imza atdılar. Bizim vəzifələrimizdən biri müharibə qəhrəmanlarımızın tanıdılması, qəhrəmanlıq ənənələrimizin, hərbi-tarixi irsimizin təbliğ edilməsidir.
Əminəm ki, təşkilatımız dövlətimizin diqqət və qayğısı sayəsində bütün bu vəzifələrin öhdəsindən layiqincə gələcək, ölkə başçısının bütün çağırışlarını var qüvvəsi ilə dəstəkləyəcəkdir”.
Seymur ƏLİYEV