Vətən Müharibəsi başa çatsa da, ermənilərlə informasiya müstəvisində mübarizə davam edir. Heç şübhəsiz ki, hazırda jurnalistikamızın qarşısındakı mühüm vəzifələrdən biri ermənilərin informasiya platformasıdnakı təxribatlarını ifşa etməklə yanaşı, həm də ermənilərin 30 ilə yaxın müddətdə işğalda saxladıqları ərazilərdə törətdikləri vandalizmi dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Hansı ki, son vaxtlar jurnalistlərimizin bu istiqamətdə ciddi aktivlik sərgiləməsi müşahidə olunur. Bugünlərdə tanınmış jurnalist Cavid Şahverdiyevin erməni vandalizmi ilə bağlı məqaləsinin Misir saytlarında yer alması, bundan öncə İordaniya, İraq, Türkiyə, Livan, Moldova, İtaliya mediasında işıqlandırılması jurnalistlərimizin əzmkar fəaliyyətindən xəbər verir.
Moderator.az-a açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, jurnalisltərimizin erməni vəhşiliklərinin ifşası istiqamətində apardığı mübarizəni yüksək qiymətləndirdiyini vurğuladı:
“Etiraf etməliyik ki, biz əvvəllər bu cür aktivlik sərgiləməmişdik və bundan sonralar çox peşman olduq. Erməni vandalizmini, 30 il ərzində torpaqlarımızda baş verən qeyri-insani olayları beynəlxalq mqiyasda işıqlandırmalı, hətta kosmosdan çəkməli olsaydıq belə, orada baş verənlərlə bağlı gərəkli faktları əldə etməli idik. Vətən Müharibəsi isə bizi sözün həqiqi mənasında ayıltdı. Jurnalistikamız bugünlərdə yeni keyfiyyətlərə sahibləndi. Ermənilərin vəhşiliyini bütün dünyaya çatdırmaq üçün ciddi aktivlik ortaya qoydu. 2016-cı ilin aprel döyüşlərindən biz bu aktivliyi müşahidə etməkdəyik. Vətən Müharibəsi dönəmində isə bu fəallıq ən yüksək nöqtəyə çatdı. Prezidentimizin dünyanın tanınmış media orqnalarına verdiyi müsahibələrdə səslənən tezislər bizim jurnalistlərimizin fəaliyyəti üçün də istiqamət oldu.
Biz torpaqlarımız azad etdik, gedib o torpaqları gördük. Lakin bizim duyduğumuz qürur hissinin içində bir kədər da var idi. Bu da həmin torpaqlardakı dağıntılar, talanlar idi. Bunu dünyaya göstərmək elə də çətin deyil. Sadəcə, bu yöndəki təşəbbüslər güclənməlidir. Azərbaycan jurnalistikası özünün bu gücünü göstərdi və göstərməkdədir. Biz ermənilərin “məzlum xalq” obrazını qırdıq, bütün dünya işğalçının iç üzünü gördü. Jurnalistlərimiz tərəfindən erməni vandalizminin ifşası bundan sonra da davam etdirilməlidir.
Jrunalistikamızın bugünkü fəaliyyəti yüksək səviyyədədir. Mən jurnalistlərimizi bağrıma basıram. Onlar böyük işlər görürlər. Jurnalistlərimiz xalqımızın, prezidentimizin, ordumuzun yanındadırlar və hər zaman da yanında olacaqlar”.
Seymur ƏLİYEV